Bakı. Ülkər Qasımova-APA. Bu gün böyük Azərbaycan bəstəkarı və pedaqoqu, akademik, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 95 illiyi münasibətilə onun Fəxri Xiyabandakı məzarı ziyarət edilib. APA-nın məlumatına görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dahi bəstəkarın məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi yad olunub.
Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə musiqiçinin yaradıcılığının böyük məktəb olduğunu vurğulayıb, Qara Qarayevin yaratdığı musiqi ənənələrindən söz açıb: “Qara Qarayev tələbələrinə hər zaman deyirdi ki, müəllim dərsdə necədirsə, həyatda da o cür olmalıdır. O, tələbə üçün nümunə olmağa çalışırdı".
Bəstəkar, əməkdar incəsənət xadimi, professor Sevda İbrahimova Qara Qarayevin tələbəsi olduğu üçün hər zaman fəxr etdiyini bildirib, onun dərslərinin yüksək peşəkarlığından, dərinliyindən söhbət açıb. O bildirib ki, görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir: “O, bir çox filmlərə, tamaşalara musiqi bəstələyib. Qara Qarayev Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir”.
Qara Qarayevin ilk tələbələrindən olan xalq artisti, professor Musa Mirzəyev bəstəkardan dərs almaq üçün müxtəlif ölkələrdən insanların gəldiyini xatırlayıb: “O, əsl bəstəkar və peşəsinə dərindən yiyələnmiş pedaqoq idi. Ona görə də yeni nəsil bəstəkarlar yetişdirməklə musiqi tariximizdə böyük musiqiçi və müəllim olaraq qaldı".
Xalq artisti, baletmeyster Rəfiqə Axundova bildirib ki, Qara Qarayev bəstəsi bütün zamanlarda dahiyanə olaraq qalacaq: "Mən çox yaşamaq istərdim ki, onun musiqilərini çox eşidim, onun musiqi sirlərini gələcək nəsillərə ötürüm".
Xatırladaq ki, Qara Qarayev Azərbaycan musiqi sənətini dünyada tanıdan, dünya musiqi xəzinəsinə daxil olan "Yeddi gözəl", "İldırımlı yollarla" baletlərinin, üç simfoniyanın, "Don Kixot" simfonik qravürünün, "Leyli və Məcnun" simfonik poemasının, "Vyetnam" süitasının, fortepiano üçün prelüdlər, skripka və fortepiano üçün sonata və romansların müəllifidir. Bəstəkar "Uzaq sahillərdə", "Bir məhəllədən iki nəfər", "İnsan məskən salır", "Nizami" və s. filmlərə musiqi yazıb.