Bakı. Ülkər Qasımova-APA. Dövlət Film Fondunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, mədəniyyət və incəsənət xadimlərinin, yaradıcı gənclərin iştirak etdikləri tədbir çərçivəsində sənətşünaslıq elmləri doktoru, ARKİ-nin üzvü Əlisəftər Hüseynovun "Səhnədən o yana, yaxud sözün şəkli" kitabının təqdimatı da olub. Tədbirdə İttifaqın icraçı katibi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev çıxış edib. O qeyd edib ki, ötən ilin yayında yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı fəaliyyətini uğurla davam etdirir: “Hazırda qurumun 186 üzvü var. İttifaqın əsas məramı milli kinomuzun inkişafına töhfələr vermək və bütün səyləri bu istiqamətə yönəltməkdir. Bizi bu işdə yalnız kinonun inkişafı maraqlandırır və üzvlərimizin, kino xadimlərimizin problemlərinin aradan qaldırılması, gənc kadrların hazırlanması qarşımızda duran önəmli vəzifələrdir. İcraçı katib əlavə edib ki, kino xadimlərinə diqqət və qayğı, böyük xidmətləri olan kino işçilərinin müxtəlif mükafat və təltiflərə təqdim olunması da diqqət mərkəzindədir. Qurum beynəlxalq əlaqələrini də inkişaf etdirir, beynəlxalq konfrans keçirmək niyyətindədir”.
Daha sonra, ARKİ-nin üzvlük vəsiqələrinin təqdimatı olub. İttifaqın sədri, xalq artisti, professor Şəfiqə Məmmədovaya, xalq artistləri Eldar Quliyev, Vaqif Mustafayev, Oktay Mir-Qasım, Mərahim Fərzəlibəyov, Vasif Babayev, Tofiq İsmayılov, Tariyel Qasımov, Siyavuş Kərimi, İlham Namiq Kamal, Zərnigar Ağakişiyeva, Arif Quliyev, Nuriyyə Əhmədova, kinorejissor Ayaz Salayev, əməkdar incəsənət xadimi Ənvər Əbluc, əməkdar artist Nahidə Orucova və digərlərinə vəsiqələr təqdim edilib.
ARKİ-nin sədri, xalq artisti Şəfiqə Məmmədova tədbiri yeni qurumun tarixində əlamətdar hadisə kimi qiymətləndirib: “Çox xoşbəxtəm ki, bu anı sizinlə birgə yaşadım. Ötən ilin yayında ittifaqımız yeni yaranmışdı, o vaxtlar bizə dəstək verən hər kəsə təşəkkür edirəm. Kinomuzun inkişafı naminə gənclərimizin də fəallıq göstərməsi, yeniliklərə can atması sevindiricidir. Yeni ittifaqın yaranması bir zərurət idi və biz zamanla sübut edəcəyik ki, bu işin öhdəsindən gələ bilərik. Məqsədimiz Azərbaycan kinosuna yeni töhfələr verən bir təşkilat formalaşdırmaqdır. Bu yolda həm qocaman kino xadimlərinin, həm də gənclərin dəstəyi bizi ümidləndirir".