Bakı. Cavid Zeynallı – APA. Bakı Turizm İnformasiya Mərkəzi I Avropa oyunları ilə əlaqədar hazırlıq işlərini tamamlayıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakıda 12-28 iyun tarixində keçiriləcək I Avropa oyunları ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən bir sıra işlər görülüb.
Bununla əlaqədar Mərkəzin girişində I Avropa oyunlarının stend və bannerləri quraşdırılıb və ölkəmizin turizm potensialını təbliğ edən bir neçə yeni reklam çap məhsulları hazırlanıb.
Azərbaycana səfər edəcək turistlərə və qonaqlara daha yüksək xidmət göstərilməsi üçün Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssislərinə ingilis dili kursları təşkil olunub.
Bakı Turizm İnformasiya Mərkəzi I Avropa oyunları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib və iş qrafiki şənbə və bazar günləri daxil olmaqla 21:00-a kimi uzadılıb.
Mərkəzin (+994 12 498 12 44) telefon nömrəsi qaynar xətt təyin olunub.