Bakı. Cavid Zeynallı – APA. Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyası UNESCO-nun baş konfransı çərçivəsində noyabrın 18-dən 20-dək təşkilatın mənzil qərargahında keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Ümumdünya İrs Komitəsinə seçilmək üçün namizədliyini irəli sürüb.
Bununla əlaqədar olaraq müvafiq təbliğat kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində oktyabrın 15-də Parisdə UNESCO-nun mənzil qərargahında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəni irsinin təqdimat” mərasimi və ziyafət təşkil olunub.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov təqdimat mərasimini açaraq ölkəmizin UNESCO-ya 1992-ci ildən üzv olmasından, keçən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu əməkdaşlığa verdiyi dəyərli töhfələrdən və dəstəkdən danışıb.
A.Kərimov ölkəmizin UNESCO-nun mədəniyyət sahəsində 5 konvensiyasını ratifikasiya etdiyini və onların milli və beynəlxalq səviyyədə mövcud mexanizmlər vasitəsilə həyata keçirildiyini bildirib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva UNESCO-nun baş direktoru İrina Bokovaya və qurumun bütün əməkdaşlarına Azərbaycan mədəni və təbii irsini nümayiş etdirmək üçün imkan yaratdıqlarına görə təşəkkür edib.
S.Məmmədəliyeva müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizin UNESCO ilə daimi və sabit əməkdaşlıq və qurumun bir çox layihələrində fəal iştirak etdiyini vurğulayıb.