Bakı. Ramiz Mikayıloğlu - APA. “İnsanların beynində düşmənçilik münasibətlərinin formalaşmasını önləyərək sülh mədəniyyətinin yaranmasına nail ola bilərik”.
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr” panelində çıxışı zamanı UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Nəşif deyib. O bildirib ki, keçmişdən dərslər götürmək zəruridir: “Məsələn, qədim İpək Yolu sivilizasiyalar arasında körpü rollunu oynayıb. Ona görə də İpək Yolu mövzulardan biri kimi seçilib, bu, mədəniyyətlərarası dialoqa da töhfə verə bilər”.
Nada əl-Nəşif təhsilin mədəniyyətlərarası dialoqda təhsilin rolunu vurğulayıb: “Gəncləri bu prosesə qoşmağın yollarını tapmalıyıq. Tunisdə bununla əlaqədar xüsusi platforma yaradılıb, İraqda ümumi irs naminə birləşməklə bağlı kampaniya keçirilib, UNESCO bu təşəbbüsləri dəstəkləyib. Əhalinin müxtəlif təbəqələri və siyasətçilər arasında körpü yaradırıq ki, irəli sürülən ideyaları həyata keçirək. Bu forum bizim üçün vacib tərəfdaşlıq formatıdır, Azərbaycanla birgə alternativlər yarada bilərik. İnsan beyninin məhsulundan istifadə edə bilərik”.