Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Türkiyədən gələn şair və bəstəkarları qəbul edib.
AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) başqanı, şair Mehmet Nuri Parmaksız AYB sədrinə səfərlərinin məqsədi barədə ətraflı məlumat verib.
M. Nuri İLESAM-la Azərbaycan Bəstəkarlar İttifaqı arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən “Mahnıdan–Şarkıya” layihəsinin əhəmiyyətli tərəflərindən söz açıb.
O bildirib ki, Azərbaycandan tanınmış altı şairin şeirinə Türkiyənin altı bəstəkarı mahnı bəstələyib: "Eyni zamanda Türkiyənin altı tanınmış şairinin şeirinə Azərbaycanın altı bəstəkarı mahnı bəstələyib. Hər iki dildə yazılmış şeirlər tərcümə edilmədən oxunacaq. Türk Dünyası Konsertləri silsiləsi çərçivəsində tədbirlərimiz olacaq. Bunlardan ilki Bakı konsertidir. Beynəlxalq Muğam Mərkəzində keçiriləcək proqram hazırlamışıq. İkinci konsertimiz isə 19 noyabr tarixində Ankarada baş tutacaq. Bu konserti TRT Avaz kanalı vasitəsilə hər kəs canlı izləyə biləcək”.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qonaqların Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Xalq yazıçısı iki ölkə arasında ədəbi və mədəni əlaqələrin inkişafı üçün belə layihələrin vacibliyini vurğulayıb. Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti, mətbu orqanları, nəzərdə tutulmuş layihələri barədə qonaqları məlumatlandıran AYB sədri İLESAM-la iş birliyindən də söz açıb.