Bəhram Bağırzadə: “Məncə, ailəli adamın Şən və Hazırcavablar Klubunda çıxış etməsi düzgün deyil”

Bəhram Bağırzadə: “Məncə, ailəli adamın Şən və Hazırcavablar Klubunda çıxış etməsi düzgün deyil”
# 24 oktyabr 2008 10:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bu gün Azərbaycanda Şən və Hazırcavablar Klubu komandasının olmamağının bir çox səbəbləri var”. Bu fikirləri APA-ya açıqlamasında “Bakılı oğlanlar” komandasının keçmiş üzvi Bəhram Bağırzadə söyləyib. O ilk səbəb kimi orta məktəblərdə rus bölmələrinin ixtisara salınmasını qeyd edib: “Eyni zamanda bizim vaxtımızda orta məktəblərdə olan qurumlar indi yoxdur. O zamanlar biz asudə vaxtlarımızı pioner düşərgələrində keçirir və ya başqa maraqlı işlə məşğul olurduq. Və beləcə öz istedadımızı göstərirdik. Əfsuslar olsun ki, bu gün bunların heç biri yoxdur və bu da Şən və Hazırcavablar Klubu üçün istedadlı gənclərin yetişməsinə təsir göstərən amillərdəndir”.

Bəhram Bağırzadə bu gün Azərbaycanda yerli mütəxəssislərə dəyər verilmədiyini də etiraf edib: “Bəzən məndən soruşurlar ki, niyə bununla bağlı bir iş görmürsünüz? Axı, mən nəyin naminə çalışmalıyam? Kim professional Şən və Hazırcavablar Klubu komandasını yenidən yaratmaq istəyirsə, dəvət etsinlər gedim. Necə ki, “Xəzər-Lənkəran” futbol klubunun baş məşqçisini xaricdən dəvət ediblər və milyonlarla pul verirlər, məni də dəvət etsinlər. Özü də mənə 3 milyon, 5 milyon lazım deyil, sadəcə müqavilə bağlanılsın və orada göstərilən məbləğ ödənilsin. Mən də uşaqları məşq etdirim, ortalığa çıxardım. Niyə xarici mütəxəssisləri dəvət edib, böyük vəsait verirlər, ancaq özümüzdə olan mütəxəssisləri dəvət etmirlər? Axı mən bütün işimi-gücümü atıb sırf bu işlə məşğul ola bilmərəm, bu, düzgün deyil”.

Artıq sənətdən uzaqlaşacağını da etiraf edən Bəhram Bağırzadə bu addımı artıq belə işlərdən yorulması ilə əsaslandırıb: “Bir müddət əvvəl mən sənətdən uzaqlaşacağıma söz vermişdim və sözümə də əməl edirəm. Yavaş-yavaş sənətdən uzaqlaşıram. Ümumiyyətlə bu işdən yorulmuşam. Engelsin belə bir deyimi var: “İnsan eyni işlə məşğul olanda və həmin işə maksimal güc sərf edəndə bu artıq professional idiotizmə gətirib çıxarır. Psixiatriyada da belə bir xəstəlik var. Şükürlər olsun ki, hələ ki, mən bu xəstəliklərə düçar olmamışam. Bunu etiraf etmək lazımdır ki, Şən və Hazırcavablar Klubu artıq tələbələrin və gənclərin oyunudur. Mənim artıq o yaşım keçib. Şükürlər olsun, ailə sahibiyəm və iki balam var. Ailəli adamın Şən və Hazırcavablar Klubunda çıxış etməsi zənnimcə düzgün deyil. İstəməzdim ki, gələcəkdə övladlarım mənim Şən və Hazırcavablar Klubunda oynamağıma görə sarsıntı keçirsinlər. Yəni, gələcəkdə məni istehza obyektinə çevirib, övladlarıma ataları haqda xoşagəlməz sözlər söyləyənlərin bu addımının qarşısını almaq üçün bu addımı atacağam. Mənə elə gəlir ki, bu iş daxili aləmim, daxili mədəniyyətim və həyat tərzimlə uyğun gəlmir. Gələcəkdə tanınmış, professional rejissorlarımız normal, kişiyə və insana yaraşan rola dəvət etsələr, gəlib çəkilə bilərəm”.

Bəhram Bağırzadə bir neçə gün bundan əvvəl Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə üzv qəbul olunduğunu deyib: “Bildiyiniz kimi, mən eyni zamanda 100-ə yaxın karikatura əsərlərin müəllifiyəm və beynəlxalq karikatura müsabiqələrində də iştirak edirəm. Bu yaxınlarda isə birliyin sədri Bayram Hacızadə tərəfindən dəvət aldım və artıq bu birlyin üzviyəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR