Azərbaycanda ünvanlı dövlət sosial yardım sahəsində İT-nin tətbiqi genişlənəcək

Azərbaycanda ünvanlı dövlət sosial yardım sahəsində İT-nin tətbiqi genişlənəcək
# 31 oktyabr 2008 11:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda ünvanlı dövlət sosial yardım mexanizminin tətbiqində informasiya texnologiyalarından istifadə genişlənəcək. «APA-Economics»in məlumatına görə, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, bunun hesabına yardım alanlar daha az kağız sənədlərdən istifadə edəcək və inspektorlarla birbaşa ünsiyyətdən uzaq olacaqlar: «Bu gün nazirlikdə hər bir təyinata nəzarət edilir. İstənilən vətəndaş Sosial Müdafiə Mərkəzinə müraciət edəndə onun barədə informasiyalar kompüterə daxil olur. Buna isə nazirliyin Mərkəzi Aparatı tərəfindən nəzarət edilir».
Azərbaycanda ünvanlı sosial yardım mexanizminin 2006-cı ildən fəaliyyətə başladığını deyən nazir müavininin sözlərinə görə, hazırda 133 minə yaxın ailə bu yardımdan bəhrələnir. Ehtiyac meyarının həddinin 55 manata yüksəldilməsi hesabına ünvanlı sosial yardımın əhatə dairəsi getdikcə genişlənib, hər bir ailəyə düşən yardımın məbləği 100 manata çatdırılıb: «Bu yeni mexanizmi 2 il ərzində daim təkmilləşdirmişik. Düzdür, yerli sosial müdafiə mərkəzləri tez-tez aparılan bu təkmilləşmələrə uyğunlaşdırmaq çətin olur, amma biz buna gedirik, çünki biz insanlara daha rahat şərait yaratmalıyıq. Buna görə də ünvanlı dövlət sosial yardım mexanizminin təkmilləşdirilməsini davam etdirəcəyik. Təbii ki, ehtiyac meyarının məbləği də artırılacaq. Bu da öz növbəsində ünvanlı dövlət sosial yardımın əhatə dairəsinin yenidən genişlənməsinə gətirib çıxaracaq».
İ.Rəhimov bildirib ki, hazırda ünvanlı sosial yardım alan ailələrin 90%-dən çoxu uşaqlı, onun 40%-dən artığı isə çoxuşaqlı ailələrdir.
Rayonlarda sosial yardımların verilməsinin gecikdirilməsinə münasibət bildirən İ.Rəhimov bildirib ki, ünvanlı sosial yardımların maliyyələşməsində heç bir problem yoxdur. Hazırda sosial yardım alanların 75%-i üçün bu ödəniş plastik kartlarla həyata keçirilir: «Ola bilsin ki, yerlərdə vəsaitlərin köçürülməsində texniki problemlər olsun. Amma bu, kütləvi halda deyil».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR