AMEA prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərində səfərdə olub

AMEA prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərində səfərdə olub
# 27 yanvar 2014 16:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və AMEA-nın Elmi-təşkilat idarəsinin müdiri Əminağa Sadıqov Belarus Milli Elmlər Akademiyasının (BMEA) yaranmasının 85 illiyi və Belarus Elm Gününə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Minsk şəhərində səfərdə olublar.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı AMEA-nın nümayəndə heyəti “Elm – cəmiyyətin innovasiya yolu ilə inkişafı” beynəlxalq elmi-praktik konfransda, BMEA-nın 85 illik yubileyi və Belarus Elm Gününə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Tədbirdə akademik Akif Əlizadə məruzə ilə çıxış edib, mətbuat nümayəndələrinə müsahibə verib.

Yanvarın 24-də Belarusun baş naziri M.V.Myasnikoviç AMEA-nın prezidentini qəbul edib. Görüşdə akademik A.Əlizadə elm və texnologiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təklif və tövsiyələrini səsləndirib.

Səfər çərçivəsində həmçinin AMEA prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BMEA prezidenti, akademik V. Qusakovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, AMEA ilə BMEA arasında ikitərəfli əməkdaşlıq haqqında protokol imzalanıb.

Qeyd edək ki, səfər zamanı akademik Akif Əlizadə BMEA-nın Yer Elmləri Bölməsində bir sıra görüşlər keçirib, Belarus Milli Kitabxanasının fəaliyyəti ilə yaxından tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR