“Atletlər kəndi”ndə baş verən qəza ilə bağlı məhkəmə başlayıb

“Atletlər kəndi”ndə baş verən qəza ilə bağlı məhkəmə başlayıb
# 08 yanvar 2016 14:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə baş vermiş qəza ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə yanvarın 15-dək fasilə elan olunub.

Hakim bildirib ki, zərərçəkənlər prosesdə iştirak etmirlər, onlarla müəyyən yazışmalar olub. Yazışmalar nəzərdən keçiriləcək və nəticələrə uyğun olaraq proses davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.

Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov tutulub.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR