Boris Berezovski deputat və jurnalistlərin qətlində ittiham olunur

Boris Berezovski deputat və jurnalistlərin qətlində ittiham olunur
# 26 dekabr 2012 10:09 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Baş Prokurorluğu yanında Təhqiqat Komitəsi Böyük Britaniyada sığınacaq alan iş adamı Boris Berezovski barəsində yeni istintaq başladıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Təhqiqat Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin bildirib. O, bir neçə jurnalistin və deputatın qətlinin arxasında Boris Berezovskinin ola biləcəyi ilə bağlı istintaqın başladıldığını söyləyib.

“Rossiya 1” kanalında yayımlanan “Berezovski” sənədli filmi barədə açıqlama verən V.Markin baş prokuror Yuri Çaykanın sənədli filmin araşdırılması əmrini verdiyini bildirib. Millət vəkili Sergey Yuşenkovun qətlinin Boris Berezovski ilə əlaqəsi olub-olmadığının araşdırılacağını söyləyən V.Markin 2004-cü ildə Təhqiqat Komitəsinə Mixail Kadanev tərəfindən millət vəkilinin öldürülməsi ilə bağlı şikayət daxil olduğunu bildirib: “Şikayətdə cinayətin sifarişçilərinin Boris Berezovski və Badri Patarkasişvili olduğu bildirilmişdi. Bu məqam araşdırıldı. Lakin bu vaxta qədər dəlil-sübut tapılmadığından, adı çəkilən şəxslər barəsində heç bir tədbir görmək mümkün olmadı”.

Qeyd edək ki, dekabrın 24-də Rossiya 1 kanalında jurnalist Andrey Kandraşovun “Berezovski” adlı sənədli filmi yayımlanıb. Böyük səs-küyə səbəb olan filmdə Böyük Britaniyada sığınacaq alan iş adamı Boris Berezovskinin bu günə kimi qaranlıq qalan fəaliyyətindən bəhs edilir. İş adamının müxtəlif dövrlərə aid bioqrafiyasından bəhs edən film daha çox kriminal araşdırma xarakteri daşıyır. Belə ki, filmdə konkret olaraq müxtəlif şahidlərin dili ilə B.Berezovskinin deputat Sergey Yuşenkov və bir neçə jurnalistin qətlinin əmrini verdiyi bildirilib. B.Berezovskinin yaxın dostu, ortağı, gürcü əsilli iş adamı Badri Patarkasişvilini də zəhərləyərək öldürdüyü təxmin edilir. Bundan başqa, Berezovskinin Ukraynada “narıncı inqilab” vaxtı terror törətməyi əmri verdiyi də göstərilir.

Filmə münasibət bildirən B.Berezovski daha əvvəl də başqa bir kanalın bu tərzdə film hazırlayaraq onu ittiham etdiyini, lakin sonda özünün qalib gəldiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR