Bakıda “Uşaqlara qarşı ailə zorakılığının aradan qaldırılması” mövzusunda treninqlər keçirilir

 Bakıda “Uşaqlara qarşı ailə zorakılığının aradan qaldırılması” mövzusunda treninqlər keçirilir
# 28 noyabr 2012 08:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bakıda “Uşaqlara qarşı ailə zorakılığının aradan qaldırılması” mövzusunda 2 günlük treninqlər başlayıb. APA-nın verdiyi xəbərə görə, treninqlər Avropa İttifaqının TAIEX proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə həmçinin İngiltərə, İtaliya və Portuqaliyadan bu sahə üzrə ixtisaslaşmış ekspertlər iştirak edirlər. İlk olaraq çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, tədbirin məqsədi ailədə zorakılığa məruz qalmış uşaqların statistikasının aparılması, bu hallara qarşı mübarizə tədbirlərinin beynəlxalq ekspertlər səviyyəsində müzakirəsidir. Onun sözlərinə görə, 2010-cu ildə ölkədə məişət zorakılığı ilə bağlı qanun qəbul edilib. Hazırda bu qanuna müvafiq olaraq Bakıda və rayonlarda həm dövlət, həm də QHT mərkəzləri səviyyəsində işlər görülür.

Daha sonra çıxış edən Avropa İttifaqının nümayəndəsi Mikolaj Bekasiak bildirib ki, Aİ uşaq hüquqları, onlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində layihələri maliyyələşdirməkdə maraqlıdır. Onun sözlərinə görə, qurum bu istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bir sıra layihələrlə bağlı əməkdaşlıq həyata keçirilir.

Tədbirdə uşaq zorakılığı halları ilə bağlı statistik göstəricilər, onların baş vermə səbəbləri, fəsadları, aradan qaldırılması yolları barədə beynəlxalq ekspertlər, komitə üzvləri, QHT işçiləri və dövlət rəsmilərinin çıxışları dinlənilib. Tədbir sabah da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR