Azərbaycan paytaxtının 11 rayonunun elektron-kadastr xəritələri hazırlanır

Azərbaycan paytaxtının 11 rayonunun elektron-kadastr xəritələri hazırlanır
# 06 dekabr 2012 11:45 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bakı şəhərinin 11 rayonunun elektron-kadastr xəritələri hazırlanır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

Onun sözlərinə görə, bu rayonlardan Sabunçu və Suraxanının mükəmməl, digər ərazilərin isə sadə kadastr xəritələri hazırlanmaqdadır: «Bütün tikililər, qeydiyyatda olan və olmayan evlər bu xəritələr üzərinə işlənir. Amma qeydiyyatsız evlərlə bağlı qanunvericilik hazırlanır. Qanunlar nə vaxt qüvvəyə minərsə, biz öz üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik».

Bununla yanaşı, Almaniyanın KfW bankının dəstəyi ilə Gəncə şəhəri və Şəki rayonunun kadastr xəritələrinin hazırlanması üzrə konsepsiya işləri başa çatdırılıb. Gələn ildən qeyd olunan ərazilərin mükəmməl kadastr xəritələrinin hazırlanmasına başlanacaq. Ümumilikdə proqram üzrə gələcəkdə bütün ölkə ərazisinin mükəmməl kadastr xəritələrinin və daşınmaz əmlak üzrə məlumat bazasının hazırlanması planlaşdırılır.

R.Cəlilov daşınmaz əmlakın qeydiyyatının təkmilləşdirilməsi ilə bağlı bir sıra layihələrin hazırlanaraq hökumətə tədqiq olunduğunu deyib: «Bütün işlər ona yönəlib ki vətəndaşlar özlərinə məxsus daşınmaz əmlakın qeydiyyatını daha asan yolla həyata keçirə bilsinlər. Gördüyümüz tədbirlərin nəticəsidir ki, son iki ildə Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə dünyanın 183 ölkəsi arasında ilk onluqda yer alır».

Komitə rəsmisi onu da vurğulayıb ki, son illərdə daşınmaz əmlakın qeydiyyatında artım baş verir. Beş il əvvəl ildə 80 min daşınmaz əmlak qeydiyyatdan keçdiyi halda, cari ildə bu rəqəmin 150 mindən artıq olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR