“Forbes” jurnalında Azərbaycanla bağlı məqalə çap olunub

“Forbes” jurnalında Azərbaycanla bağlı məqalə çap olunub
# 26 noyabr 2012 08:58 (UTC +04:00)

APA-nın xəbərinə görə, məqalədə bildirilir ki, qədim və zəngin mədəniyyətə sahib, ticarət və kommersiya üçün vacib yolların kəsişdiyi, torpaqlarında təbii qazın yanması səbəbindən Zərduşt dövründən “Odlar yurdu” adlandırılan Azərbaycan 1918-ci ildə müstəqillik qazanıb, 1920-ci ildə Sovet İttifaqına daxil olub və yenidən 1991-ci ildə müstəqilliyinə nail olub: “Bir il sonra isə BMT-nin, 2006-cı ildə BMT-nin İnsan Haqları Şurasının üzvü və 2011-ci ildə 2013-cü ilin yanvarından 2014-cü ilin dekabrına kimi olan bir müddət üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib”.

Azərbaycanın cənubdan İran, qərbdən Ermənistan, şimaldan Gürcüstan və Rusiya ilə qonşu olduğunu deyən yazar bildirib ki, bu ölkə qonşularından fərqlənir. İranla fərqinə toxunarkən o qeyd edib ki, iki ölkə arasındakı əsas fərq ideologiya və mədəniyyətdədir: “Azərbaycan dünyəvi, müasir texnologiyaların, mədəni və sivil institutların inkişaf etdiyi bir ölkədir”.

H.Kraymer yazır ki, Ermənistanla Azərbaycan arasında resurslar və ərazi uğrunda mübarizə gedir: “Dağlıq Qarabağ məsələsi uzun illərdir ki, iki ölkə arasında münaqişəyə səbəb olub. Sərhəddə tez-tez atəşkəsin pozulması halları baş verir. Günahsızlar əziyyət çəkir, dünya isə göz yumur”.

“Neft ixracı üzərində qurulmuş Azərbaycan iqtisadiyyatı ölkənin neft şirkətlərinin qaz və neft ixracı ilə məşğul olan bir çox xarici kompaniyalarla uzunmüddətli sazişlərindən böyük gəlir əldə edir. Bu cür pul axını sayəsində son 10 ildə ölkədə yoxsulluğun səviyyəsi 50%-dən 7%-ə enib. Lakin Azərbaycan nefti də tükənəndir. Nəticədə Dünya Bankı bu ölkə üçün gələcəkdə daha dayanıqlı, qeyri-neft layihələrini maliyyələşdirməyi planlaşdırır. Dünya Bankı bu ölkənin gələcək inkişafını kənd təsərrüfatında və turizmdə görür”, - deyə yazıda göstərilir.

Müəllif həmçinin qeyd edib ki, bu qış Azərbaycan özünün peykini kosmosa çıxarmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR