AFFA “Neftçi” klubuna 7 min manat cərimə kəsib

AFFA “Neftçi” klubuna 7 min manat cərimə kəsib
# 25 dekabr 2012 11:52 (UTC +04:00)

Bakı – APA. Bu gün İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının XVIII turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

Əsas müzakirə mövzusu “Neftçi” – AZAL matçında baş verənlər olub. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 1000 manat cərimələnib. 61-ci dəqiqədə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəzalanıb və bakılıları daha 2000 manat ziyana salıb. Hacıyev mətbuat konfransında hakimin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub daha 2000 manat ödəməlidir. 73-cü dəqiqədə “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılması da eni məbləğə başa gəlib. Bir sözlə, son çempion ümumilikdə 7000 manat cərimələnib.

“Simurq” – “Rəvan” matçının 68-ci dəqiqəsində legioner limitini pozan qonaqlara 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Sumqayıt”la görüşdə 7 futbolçusu sarı vərəqə alan “Kəpəz” 1000 manat ödəməli olacaq. Oyunun 74-cü dəqiqəsində “Kəpəz”in meydandan qovulan futbolçusu Bujamin Asani 1 oyunluq cəzalanıb və klubunu 200 manat ziyana salıb. “İnter” – “Bakı” görüşündə hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 1000 manat cərimə ödəyəcək.

“Xəzər Lənkəran”la qarşılaşmanın 73-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitə istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub. “Qəbələ” oyunun 76-cı dəqiqəsində “Turan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün meydan sahibləri 2000 manat ödəməli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR