Azay Quliyev: “İndiyə kimi Rusiya və Azərbaycan QHT-lərinin əlaqələrinin olmaması böyük bir boşluq yaradıb” - MÜSAHİBƏ

Azay Quliyev: “İndiyə kimi Rusiya və Azərbaycan QHT-lərinin əlaqələrinin olmaması böyük bir boşluq yaradıb”  - <span style="color: red;">MÜSAHİBƏ
# 22 noyabr 2012 13:05 (UTC +04:00)

- Bildiyimiz kimi, Moskvada Rusiya Federasiyası İctimai Palata sədrinin birinci müavini Mixail Ostrovski ilə görüşünüz olub. Həmin görüşdə hansı məsələlər müzakirə edilib?

- Görüşdə Rusiya və Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişaf mərhələləri, milli, regional və yerli səviyyədə ictimai nəzarətin təşkilinə aid uğurlu praktik təcrübə, vətəndaş cəmiyyətlərinin ikitərəfli münasibətlərin inkişafına və regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə töhfəsi, vətəndaş cəmiyyəti institutları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində 2013-cü il üçün Rusiya və Azərbaycanın müştərək layihələri və başqa mövzular müzakirə olundu.

- Bu cür görüşlərin keçirilməsi nə qədər əhəmiyyətlidir?

- Bizim görüşümüz Rusiya Federasiyası İctimai Palatasının dəvəti ilə baş tutdu. Bilirsiniz ki, indiyə kimi Rusiya və Azərbaycan ictimai sektorları arasında hər hansı geniş əlaqə mövcud deyildi. Sanki Azərbaycanla Rusiya Qeyri Hökumət Təşkilatları dövlətlərarası əlaqələrdən bir növ kənarda qalmışdı. Bizim səfərimiz hər iki ölkənin Qeyri-Hökumət Təşkilatları arasında gələcək əlaqələri koordinasiya etmək imkanı verdi. Rusiya bizim qonşumuzdur. Nəhəng ölkələrdən biridir və Cənubi Qafqaz regionunda ciddi təsir imkanlarına malikdir. Eyni zamanda Ermənistana təsir imkanları mövcuddur və bu imkan günü-gündən genişlənir. Bunun üçün də Rusiya ilə Azərbaycanın hər sahədə əlaqələrinin olması vacibdir. Bu baxımdan belə görüşlərin keçirilməsi əhəmiyyətlidir.

- Görüş zamanı hansı təkliflər irəli sürüldü və nəticəsi nədən ibarət oldu?

- Görüş zamanı biz bir çox təkliflər irəli sürdük. İlk növbədə hər iki ölkənin QHT-lərinin fəaliyyətinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərdə koordinasiya olunmasının vacibliyini diqqətə çatdırdıq. Xüsusilə Rusiya və Azərbaycan maraqlarının beynəlxalq arenada qorunması baxımından bu məsələnin həlli vacibdir. Bilirsiniz ki, bir çox hallarda Rusiya və Azərbaycan təşkilatları bir-birlərini dəstəkləmirlər və bəzən Rusiya təşkilatları Azərbaycanın əleyhinə fəaliyyətdə olurlar. İkinci təklifimiz bizim gələcəkdə birgə qrant müsabiqələri elan etməyimizlə bağlı idi. Bu qrant müsabiqələri milli azlıqların hüquq və azadlıqlarının qorunması və digər məsələlərlə bağlı ola bilər. Digər bir təklifimiz Dağlıq Qarabağın azərbaycanlı və ermənilərdən ibarət icmalarının birgə görüşlərinin keçirilməsi ilə əlaqədar idi. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilərlə oradan qovulan azərbaycanlıların hər hansı əlaqələri yoxdur. Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub və həmin ərazinin hüquqi statusunun birtərəfli müəyyən edilməsi beynəlxalq hüquqa ziddidir. Bunun üçün də hər iki icmanın birgə görüş keçirməli olduğunu diqqətə çatdırdıq. Bu təkliflə bağlı qarşı tərəf bildirdi ki, Rusiyada yaşayan Azərbaycan və erməni diasporalarının görüşü keçirilir. Mən də dedim ki, həmin görüşlər bizim təkliflərimizdən fərqlidir . Biz Dağlıq Qarabağdan zorla çıxarılan azərbaycanlılarla hazırda orada yaşayan ermənilərin görüşünün keçirilməsini də vacib hesab edirik. Digər bir təklifimiz Rusiya və Azərbaycanda keçirilən seçkilərdə hər iki ölkənin QHT-lərinin iştirakı və exit-pollun birgə təşkili ilə bağlı oldu.

- Müzakirələr zamanı Rusiyada yaşayan azərbaycanlılarla bağlı məsələ qaldırdınızmı?

- Şübhəsiz. Görüş zamanı həmçinin Rusiyanın ayrı-ayrı şəhərlərində baş verən etnik qarşıdurmalardan söz açdıq. Bildirdik ki, Rusiyada yaşayan azərbaycanlılar da həmin təbliğatın qurbanı olurlar. Biz xahiş etdik ki, hər iki ölkənin hüquq müdafiəçilərindən ibarət qrup yaradaq və həmin qrup bu məsələlərlə bağlı araşdırma aparsın. Bu cür milliyyətçi çıxışların qarşısını almaq üçün bir fəaliyyət ortaya qoysun. Eyni zamanda “Azərbaycan və Rusiyanın Dostları” adlı bir qrup yaradaq və həmin qrup dostluq münasibətlərinin inkişaf etməsinə , bu cür neqativ halların qarşısının alınmasına təsir edə bilsin. Qarşı tərəf də etiraf elədi ki, bu cür konfliktlərinin qarşısını almaq üçün Rusiya dövləti çətinlik çəkir. Digər təklifimiz Rusiyaya gedən əmək emiqrantlarımızla bağlı idi. Çünki Azərbaycandan oraya işləməyə gedənlərdən rus dilini bilməyənlər olur və bu onlara problem yaradır. Bunun üçün təklif etdik ki, Rusiyada pulsuz dil kursları açılsın və dili bilməyən azərbaycanlılar həmin kurslardan istifadə etsinlər. Eyni zamanda Azərbaycanda yaşayan ruslar üçün də Azərbaycan dili kurslarının təşkil oluna biləcəyini vurğuladıq. Daha bir təklifimiz Rusiya sərhədindəki problemlərlə bağlı oldu. Bilirsiniz ki, Rusiyaya giriş-çıxışda yük avtomobilləri əsassız olaraq günlərlə saxlanılır. Vətəndaşlarla kobud rəftar edilir. Bu problemlərin qarşısını almaq üçün həmin məsələlərə ciddi ictimai nəzarətin olmasının vacibliyini bildirdik. Qeyd etdik ki, bu problemlər yerindəcə öyrənməlidir və qarşısı alınmalıdır. Digər bir təklifimiz isə ekoloji problemlərlə bağlı oldu. Bilirsiniz ki, biz Xəzər dənizindən, Samur su xəttindən birgə istifadə edirik. Bu sahədə bəzi problemlər olduğu üçün monitorinqlərin, birgə danışıqların aparılması və ekoloji problemlərin qarşısını almaq üçün bizim Qeyri-Hökumət Təşkilatlarının imkanlarından istifadə etmək olar. Demək olar ki, bizim bu təkliflərimizin hamısı qəbul edildi. Razılaşdıq ki, bütün bu təklifləri həyata keçirtmək və konkret fəaliyyət planı hazırlamaq üçün birgə işçi qrupu yaradaq. Elə həmin görüşdə işçi qrupunun tərkibini müəyyən etdik. Dörd nəfər bizdən , dörd nəfər isə Rusiya tərəfindən işçi qrupunun tərkibinə daxil edildi. Həmin işçi qrup bizim təkliflərimizin üzərində bir daha işləyəcəklər və əməkdaşlıq memorondomunun mətni hazırlanacaq. Görüşün sonunda Rusiya tərəfi isə Türkiyə , Rusiya və Azərbaycan QHT-lərindən ibarət Koordinasiya Şurasının yaradılmasını təklif elədi. Biz də bu təklifi dəstəklədik. Çünki Türkiyə ilə Azərbaycanın geniş əlaqələri mövcuddur və biz çox yaxın və qardaş ölkələrik.

- Gələcəkdə də bu cür görüşlərinin keçirilməsi nəzərdə tutulurmu?

- Əlbəttə ki, gələcəkdə də bu cür görüşlərin keçirilməsi nəzərdə tutulur. Gələn ilin mart ayında Rusiya Federasiyasının İctimai Palatasının üzvlərini Azərbaycana dəvət etmişik. Onlar Azərbaycana gələcəklər və çox böyük ehtimalla həmin memerondom layihəsi Bakda müzakirə edilib, imzalanacaq. Görüşdə biz iki ildən bir Moskvada və Bakıda Rusiya və Azərbaycan QHT-lərindən ibarət forumun keçirilməsini də təklif elədik. Həmin təklif də dəstəkləndi. Sonda onu da qeyd edim ki, görüş zamanı bir daha əmin olduq ki, indiyə kimi Rusiya və Azərbaycan QHT-lərinin əlaqələrinin olmaması böyük bir boşluq yaradıb. Onun üçün də bu cür görüşlərin mütəmadi şəkildə keçirilməsi vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR