“Neft Daşları”ndakı faciənin 55-ci ildönümü qeyd edilib

“Neft Daşları”ndakı faciənin 55-ci ildönümü qeyd edilib
# 29 noyabr 2012 15:40 (UTC +04:00)

Bakı - APA-Economics. “Neft Daşları” NQÇİ-nin əmək kollektivi 1957-ci il noyabrın 21-də burada baş vermiş faciənin 55-ci ildönümünü qeyd edib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, mərasimdə NQÇİ-nin rəhbərləri, polad dirəklər üzərində qurulmuş bu müasir sənaye şəhərində fəaliyyət göstərən idarə və müəssisələrin nümayəndələri, həmin faciə qurbanlarının ailə üzvləri iştirak ediblər. Əvvəlcə Heydər Əliyevin xatirəsini yad edən tədbir iştirakçıları sonra faciəli gecədə həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb, onların xatirəsini anıblar.

“Neft Daşları” NQÇİ-nin baş mühəndisi Zabit Əhmədov, “Neft Daşları” NQÇİ HİK-nin sədri Hüseyn Əhmədov, “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev və başqaları çıxış edərək, 1957-ci ilin fırtınalı noyabr gecəsində baş vermiş hadisənin təfsilatı, neftçilərin qəhrəmanlığı və fədakarlığından danışıblar. Hadisə qurbanlarının ailə üzvləri adından çıxış edən İbrahim Sadıqovun oğlu Asif Sadıqov həlak olan neftçilərin xatirəsinə və onların ailə üzvlərinə göstərilən ehtirama, qayğıya görə ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, 1957-ci il noyabrın 21-də Neft Daşlarında güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı möcüzələr adasının əsasını qoyanlardan M.P.Kaveroçkinin və S.Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü faciəli şəkildə həlak olub. 1999-cu ildə Neft Daşlarının 50 illik yubileyi günlərində onların xatirəsinə abidə ucaldılıb, 2009-cu ildə 60 illik yubiley ərəfəsində isə parkın yenidən qurulması ilə əlaqədar həlak olan neftçilərin xatirəsinə yeni memorial kompleks yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR