Milli Məclisin nümayəndə heyəti Meksikada səfərdə olub

Milli Məclisin nümayəndə heyəti Meksikada səfərdə olub
# 09 noyabr 2012 07:42 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Meksikada səfərdə olub. Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti millət vəkilləri - Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asəf Hacıyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Azərbaycan-Meksika dostluq qrupunun rəhbəri Ülvi Quliyevdən ibarət olub.

Azərbaycan nümayəndə heyəti Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Teofilio Torres Corzo, Deputatlar Palatasının sədr müavini Fransisko Arroyo Vieyra, Meksika xarici işlər nazirinin müavini xanım Maria Aranda, habelə ölkənin aparıcı siyasi partiyalarının rəhbərləri və Konqres üzvləri ilə görüşüb. Görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil və sair sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti həmçinin Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, münaqişənin nəticələri və bütövlükdə region dövlətləri üçün yaratdığı təhdid və təhlükə barədə qarşı tərəfə məlumat verərək Ermənistanın qeyri-konstruktiv və aqressiv siyasəti nəticəsində indiyədək münaqişənin həll edilmədiyini diqqətə çatdırıb.

Meksika xarici işlər nazirinin müavini xanım Maria Aranda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davam edən danışıqlar prosesinə öz münasibətini bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün Meksika tərəfindən tanındığını vurğulayıb və münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməsinin vacibliyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR