Budapeştdə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTOSESSİYA

Budapeştdə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda beynəlxalq konfrans keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 30 noyabr 2012 10:46 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Macarıstandakı səfirliyində “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda VII beynəlxalq konfrans keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, builki beynəlxalq konfransın Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilib.

Konfransı giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açıb. Macarıstan baş naziri ofisinin beynəlxalq əlaqələr üzrə dövlət katibi Piter Siyyarto və YAP sədrinin müavini-icra katibi, deputat Əli Əhmədov konfrans iştirakçılarına təbrik nitqi ilə müraciət ediblər.

Daha sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Səfir Vilayət Quliyevin moderatorluğu ilə keçən birinci bölmədə Macarıstan XİN Qafqaz və Mərkəzi Asiya departamentinin rəisi, Macarıstanın Azərbaycanda akkreditə olunan ilk səfiri Erne Keşkeni, Macarıstan Parlamentinin üzvü, Parlamentin Beynəlxalq Əlaqələr komitəsi sədrinin müavini, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşü, Azərbaycan Respublikası Prezidenyi yanında İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, defense.security internet portalının naşiri və baş redaktoru, siyasi şərhçi Peter Dunai, Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anar İmanov diplomatik əlaqələrin müxtəlif aspektlərinə dair məruzələrlə çıxış ediblər.

Akademik Urxan Ələkbərovun sədrliyi ilə keçən ikinci bölmədə “Avrasiya” jurnalının baş redaktoru, tarixçi-şərqşünas Borbola Obruşanskanın, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, tarix elmləri doktoru Musa Qasımlının, Budapeştdəki Eötvöş Lorand universitetinin dosenti, azərbaycanşünas alim Mariya Keneşinin, AZER-GLOBE ictimai-siyasi tədqiqatlar institutu Qafqaz tarixi mərkəzinin rəhbəri Şəlalə Həsənovanın, Macarıstan EA-nın akademiki, Eötvöş Lorand universitetinin hüquq fakültəsinin dekanı Həmzə Qaborun Azərbaycan-Macarıstan münasibətlərinin tarixi aspektlərinə həsr olunmuş məruzələri dinlənilib.

Tanınmış macar hüquqşünası, akademik Həmzə Qaborun sədrlik etdiyi üçüncü bölmə Azərbaycan-Macarıstan münasibətlərinin hüquqi, iqtisadi, siyasi aspektlərinə və təhlükəsizlik məsələlərinə həsr olunub. Bu bölmədə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasətin təhlili departamentinin direktoru Rövşən İbrahimov, Macarıstan XİN-nin elmi-tədqiqat institutunun icraçı direktoru Erjebet Roza, Azərbaycan Diplomatiya Akademiyasının əməkdaşı Lalə Cumayeva və Macarıstanın Gənc Sahibkarlar Asossasiyasının prezidenti Partik Kovaç məruzə ediblər.

Səfir Vilayət Quliyev Beynəlxalq konfransın işinə yekun vurub. Konfransın işində Budapeştdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Macarıstan Parlamentinin üzvləri, Macarıstanın elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Konfransın işi Macarıstanın elektron KİV-ində geniş işıqlandırılıb.

Konfrans çərçivəsində səfirlik xətti ilə son bir il ərzində çap olunmuş kitabların təqdimat mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR