Azərbaycan Beynəlxalq Telekommunikasiya Reqlamentinin yeni mətnini qeyd-şərtlərlə imzalayıb

Azərbaycan Beynəlxalq Telekommunikasiya Reqlamentinin yeni mətnini qeyd-şərtlərlə imzalayıb
# 17 dekabr 2012 08:55 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti Dubayda (Birləşmiş Ərəb Əmirliklər) keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransında iştirak edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, konfransda 1988-ci ildə Melburnda (Avstraliya) qəbul edilmiş Beynəlxalq Telekommunikasiya Reqlamentinə baxılıb və son illər ərzində telekommunikasiya sektorunun sürətli inkişafı nəticəsində texnologiya və xidmətlərin beynəlxalq miqyasda göstərilməsinin nizamlanması üçün yeni Reqlamentə əhəmiyyətli əlavə və dəyişikliklər edilib.

ITU-nun üzv dövlətləri beynəlxalq telekommunikasiya xidmətlərinin göstərilməsi üçün bağlanacaq xüsusi sazişlərin əsas şərtləri, mobil rabitədə rouminq şəffaflığı, xidmətlərin qənaətbəxş keyfiyyətinin təmin edilməsi, nömrə və ünvan resurslarından səmərəli istifadə edilməsi, beynəlxalq telekommunikasiya şəbəkəsində təhlükəsizlik və dayanıqlığın təmin edilməsi və s. aktual məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.


Konfransda həmçinin qloballaşan dünyada internet xidmətlərinə giriş imkanlarının təmin edilməsi, məhdud imkanlı şəxslərə telekommunikasiya xidmətlərinin lazımi səviyyədə göstərilməsi, arzuolunmaz məlumatların qarşısının alınması yolları, dənizə çıxışı olmayan ölkələrin beynəlxalq fiber-optik şəbəkələrə qoşulmasına imkan yaradılması, enerji effektivliyinə diqqətin artırılması, elektron tullantıların idarə olunması və bir sıra digər məsələlər üzrə qətnamələr qəbul olunub.


Konfrans müddətində nazir Ə.Abbasov ITU-nun baş katibi Hamadun Ture, ABŞ, Rusiya və digər ölkələrin konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Konfransın sonunda Beynəlxalq Telekommunikasiya Reqlamentinin yeni mətni Azərbaycan adından Ə.Abbasov tərəfindən Xarici İşlər Nazirliyinin təqdim etdiyi qeyd-şərtlərlə imzalanıb.


Reqlament Azərbaycanın qanunvericiliyinə uyğun olaraq ratifikasiya edildikdən sonra qüvvəyə minəcək. Konfransın bağlanma mərasimində nazir Ə.Abbasov Regional Rabitə Birliyi üzv administrasiyaları adından çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR