Aleksey Vlasov: “Rusiya Azərbaycanda prezident seçkilərinin stabil şəraitdə keçməsində maraqlıdır”

Aleksey Vlasov: “Rusiya Azərbaycanda prezident seçkilərinin stabil şəraitdə keçməsində maraqlıdır”
# 22 noyabr 2012 14:07 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. “Rusiya-Azərbaycan münasibətləri soyumayıb, bu, vəziyyəti gərginləşdirməyə çalışan media tərəfindən süni fikir formalaşdırmaq cəhdidir”. APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirdiyi mətbuat konfransında rusiyalı politoloq Aleksey Vlasov deyib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycanı zəiflətməyə çalışması iddiası Moskva ilə Bakı arasında dialoqun inkişafına qarşı olan qüvvələrin siyasi spekulyasiyasıdır: “Rusiya 2013-cü ildə Azərbaycanda prezident seçkilərinin stabil şəraitdə keçməsində maraqlıdır. Düşünürəm ki, “ərəb baharı” dalğası Cənubi Qafqaza və Rusiyaya gəlib çatmayacaq. Cənubi Qafqazda istənilən qeyri-stabillik Şimali Qafqaza təsir edir”.

Ermənilərin işğal altında saxladıqları Xocalı ərazisindəki aeroportu işə salmaq cəhdlərinin dəyərləndirən Aleksey Vlasov bildirib ki, bu fakt Qarabağ münaqişəsinin həllində pozitiv inkişafa səbəb ola bilməz: “Avropa Birliyində olduğu kimi, Rusiyada da bu məsələ ilə bağlı fərqli fikirlər mövcuddur. Bəziləri hesab edir ki, aeroportun açılması hüquq pozuntusu deyil, bəziləri hesab edir ki, bu addım Qarabağ münaqişəsinin nizamlanmasını daha da mürəkkəbləşdirəcək. Ümumilikdə 2012-ci il Qarabağ probleminin həllində pauza ili oldu. İrəvan və Bakı kompromisə getməyə hazır deyillər, ATƏT-in Minsk Qrupunun həmsədrləri isə Madrid prinsiplərindən kənar həll yolu təklif etmir”.

Gürcüstanda situasiyanın dinamik şəkildə dəyişdiyini deyən Vlasovun fikrincə, Bidzina İvanişvili Rusiya ilə dialoq üçün imkanlar yaradır: “Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması qərarına yenidən baxılması Rusiya-Gürcüstan münasibətlərinin nizamlanması üçün şərt kimi irəli sürülə bilməz”.

Ermənistana gəldikdə isə Aleksey Vlasov hesab edir ki, bu ölkədə prezident seçkiləri indiki prezident Sərkisyanın qələbəsi ilə başa çatacaq: “Ermənistanda müxalifətin reytinqi qalxmaqdadır, lakin bu, reytinq rəqib olmağa bəs edəcək səviyyədə deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR