Azərbaycan İrəvanda keçirilən dünya çempionatında ilk medalını təmin etdi

Azərbaycan İrəvanda keçirilən dünya çempionatında ilk medalını təmin etdi
# 04 dekabr 2012 13:33 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yarımfinala vəsiqə qazanmaq uğrunda 3 idmançımız da mübarizə aparıb.

Həmyerlilərimizdən Pərviz Bağırov qələbə seriyasını davam etdirərək, mərhələ adlayıb. Bununla, boksçumuz özü üçün bürünc medalı təmin edib. Avropa çempionumuz növbəti 2 görüşdə də rəqibini məğlub edərsə, qızıl medala sahib çıxacaq.

64 kq

Bu çəkidə ölkəmizi təmsil edən gənclər arasında Avropa çempionu Pərviz Bağırov litvalı Eymantas Stanionislə qarşılaşıb. O, əvvəlki döyüşlərdə olduğu kimi, bu dəfə də asan qələbə qazanıb. İlk hissədə 3:1 hesabı ilə qalib gələn Bağırov ikinci raundda xal fərqini 3-ə çatdırıb. Üçüncü hissədə isə 5:2 hesabı ilə qalib gələn həmyerlimiz yekunda 13:7 hesablı qələbə sayəsində yarımfinala yüksəlib.

Bununla, Pərviz ən azı özü üçün bürünc medalı təmin edib. Bu isə o deməkdir ki, həmyerlimizin şərəfinə Ermənistanda Azərbaycan bayrağı yüksələcək. O növbəti 2 görüşdə də eyni uğuru təkrarlayacağı halda, İrəvanda himnimiz də səslənəcək.

75 kq

Təmsilsilçimiz Orxan Mayıllı Daulet Baigabatovla (Qazaxıstan) üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən döyüşün ilk hissəsində rəqibinə bir xalla uduzan boksçumuz (1:2), ikinci raundda da yenə minimal fərqlə Qazaxıstan boksçusundan geridə qalıb - 3:4.

Həlledici hissədə hər iki boksçunun 2 dəqiq zərbəsi qeydə alınıb.

Nəticədə 6:8 hesabı ilə məğlub olan Mayıllı 1/4 finalda mübarizəni dayandırıb.

91 kq

Təəssüf ki, Rahil Məmmədli də (91 kq) medal qazanmaq şansını itirib. O, ingiltərəli Daniel Uilyamsla döyüşdə birinci raundda 6:5 hesabı ilə öndə olmasına baxmayaraq, qarşılaşma vaxtından əvvəl dayandırılıb. Qələbə İngiltərə boksçusuna verilib. Rahil Məmmədli də 1/4 finalda mübarizəni dayandıraraq, medal qazanmaq şansını itirib.

Qeyd edək ki, yarımfinal görüşləri dekabrın 6-da, final döyüşləri isə 1 gün sonra olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR