"Özbəkistanda Media üçün Kontent Hazırlama Mərkəzi media sahəsinin inkişafı və Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir".
Bunu APA-ya açıqlamasında Özbəkistan Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Media üçün Kontent Hazırlama Mərkəzinin direktor müavini Cahongir Abduraxmanov deyib.
O qeyd edib ki, fəaliyyətə başlamasının bir ili tamam olacaq mərkəz Özbəkistan Prezidentinin təşəbbüsü ilə yaradılıb. Direktor müavininin sözlərinə görə, qurumun əsas məqsədi media sahəsini tənzimləmək deyil, onun inkişafını stimullaşdırmaq, keyfiyyətli və obyektiv kontentin hazırlanmasına dəstək verməkdir.
O, mərkəzin fəaliyyət istiqamətlərindən birinin də Özbəkistanın beynəlxalq aləmdə, o cümlədən Azərbaycanda tanıdılması olduğunu vurğulayıb: “Bizim azərbaycanlı həmkarlarımızla çoxlu sayda birgə layihələrimiz var. Bu, televiziya, birgə çəkilişlər və kino sahəsini əhatə edir”.
Mərkəzin direktor müavini qeyd edib ki, hazırda Azərbaycanla birgə Özbəkistana səyahətdən bəhs edən film çəkilir və filmin bəzi səhnələrinin Azərbaycanda lentə alınması nəzərdə tutulur.
O, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində media sahəsində əməkdaşlığın davam etdirildiyini, Özbəkistanın media sahəsinin inkişafı üzrə qurumu ilə Azərbaycan tərəfinin müvafiq strukturları arasında təcrübə mübadiləsinə dair razılaşmaların olduğunu bildirib.
Abduraxmanov Azərbaycan jurnalistlərinin iştirakı ilə keçirilən hazırkı media turunu da iki ölkə arasında əməkdaşlığın nümunəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, səfərin əsas məqsədi son 10 il ərzində Özbəkistanda baş verən dəyişiklikləri, yeni obyektləri, sənaye sahələrini və inkişaf istiqamətlərini Azərbaycan ictimaiyyətinə çatdırmaqdır.
“Biz istəyirik ki, azərbaycanlı həmkarlarımız Özbəkistana yalnız siyasi tədbirlər çərçivəsində deyil, məqsədyönlü şəkildə səfər etsinlər, ölkəmizdəki dəyişiklikləri, yeni sənaye sahələrini, obyektləri və məkanları görsünlər”, – deyə o bildirib.
Mərkəzin direktor müavini əlavə edib ki, keçirilən media turu vasitəsilə Azərbaycan ictimaiyyətinə müasir Özbəkistanın inkişafı və son 10 ildə əldə etdiyi nailiyyətlər barədə daha geniş məlumat vermək mümkündür.