Azərbaycanda 15 şirkət IPO-ya hazırlaşır

Azərbaycanda 15 şirkət IPO-ya hazırlaşır
# 19 dekabr 2012 11:55 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın 15 iri şirkəti səhmlərinin ilkin yerləşdirilməsinə (IPO) hazırlaşır. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, bu şirkətlərdən 3-ü artıq gələn il səhmlərin ilkin yerləşdirilməsini həyata keçirə bilər. Komitə sədri bildirib ki, qurum bu prosesdə qeyri-maliyyə qurumlarının inkişafını daha çox dəstəkləyir.

R.Aslanlının sözlərinə görə, gələn il Bakı Fond Birjasında IPO-ların keçirilməsindən sonra növbəti addım London Fond Birjası ilə bu sahədə əməkdaşlığın qurulması olacaq. Artıq komitə və BFB əməkdaşlığın detallarını London birjası ilə müzakirə edib. Azərbaycan tərəfi təklif edib ki, BFB-da satılan depozitar qəbzlər London Fond Birjasında da satışa çıxarılsın. Bunun üçün London birjası bu kağızların təklifi ilə bağlı Azərbaycan bazarının şərtlərini qəbul edir. «Bu ideyaların uğur qazanacağı ilə bağlı ehtiyatlı nikbinliyimiz var», - deyə Komitə sədri bildirib.

R.Aslanlının sözlərinə görə, BFB-nin London birjası ilə bir neçə tədbiri olub və bu tədbirlərdə potensial investorlara və iştirakçılara Bakı Fond Birjası və London birjasının əməkdaşlıq imkanları təqdim olunub. İndiyədək Azərbaycanda müvafiq institutların inkişafı lazımi səviyyədə olmadığına görə, xarici qurumlarla bu sahədə əməkdaşlıq təklifləri adətən deklarativ məna daşıyıb: «İndi isə intensiv islahatların nəticəsi olaraq biz əminliklə deyə bilərik ki, bizim institusional imkanlarımız hətta London Fond Birjası ilə də əməkdaşlıq etməyə imkan verir».

Komitə sədri bildirib ki, QKDK-nin dünyanın demək olar ki, bütün iri birjaları ilə əməkdaşlıq əlaqələri var və bu, Azərbaycanın dinamik inkişafı və dünyadakı qeyri-sabitlik şəraitində ölkə iqtisadiyyatında müşahidə olunan sabitliyin nəticəsidir: «Buna görə də bütün bazar iştirakçıları Azərbaycana böyük potensialı olan bazar kimi baxırlar».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR