BMT-nin baş katibi Beynəlxalq əlliliyi olan şəxslər günü ilə bağlı müraciət yayıb

BMT-nin baş katibi Beynəlxalq əlliliyi olan şəxslər günü ilə bağlı müraciət yayıb
# 03 dekabr 2012 11:08 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. BMT-nin baş katibi Pan Gi Mun beynəlxalq əlliliyi olan şəxslər günü ilə bağlı müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, baş katib vurğulayıb ki, əlilliyi olan şəxslərin cəmiyyətə xüsusi müsbət təsirləri var və onların iştirakına əngəl törədən maneələri aradan qaldırılsa, töhfələr daha böyük olar. O, həmçinin bildirib ki, bu gün dünyada bir milyarddan çox əlilliyi olan şəxs yaşayır və bu o deməkdir ki, indi bu məsələ hər zamankından daha çox önəm daşıyır: “Bu il keçirilən Parolimpiya oyunları əlilliyi olan şəxslərin yüksəlmək və ruhlandırmaq üçün böyük potensiallarının olduğunu xatırlatdı. Bir qız parolimpiya çempionuna yazmışdı: “Həyatdakı çətinliklərin öhdəsindən necə gəldiyinizi, idmanda yeni qələbələr və uğurlar qazandığınızı görmək mənə güc və ilham verir”. Bizim çağırışımız odur ki, bütün insanlar istədikləri və layiq olduqlarına eyni dərəcədə sahib olmaq hüququ ilə təmin olunsunlar. Nəticədə hər kəs üçün daha yaxşı bir dünya qurulacaq. Bu il keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Rio+20 Konfransında tərəflər istifadə imkanının istədiyimiz gələcəyə sahib olmaq üçün çox önəmli olduğuna dair razılığa gəldilər. Biz BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Nizamnaməsinin məqsədlərinə nail olmaq üçün birlikdə mübarizə aparmalıyıq: ayrı-seçkilik və təcrid hallarını aradan qaldırmalı, müxtəliflik və birliyi dəyərləndirən cəmiyyətlər yaratmalıyıq. BMT Baş Assambleyası gələn il vacib öhdəliklər və hələ də həyata keçirilməyən fəaliyyətlər arasındakı boşluğu aradan qaldırmağa stimul vermək məqsədilə “Əlillik və İnkişaf” mövzusunda yüksək səviyyəli iclas keçirəcək. Bu yığıncaq beynəlxalq ictimaiyyətin əlilliyi olan şəxslərin hüquq, qayğı və töhfələrini bütünlüklə təqdim edən 2015-ci il inkişaf gündəliyini önə çəkmək üçün çalışdığı müddətdə baş tutacaq”.

Baş katib təklif edib ki, bu günü daha çox əlilliyi olan şəxslərin öz hüquqlarından faydalanması və böyük potensiallarını həyata keçirməsini təmin etmək yolunda çalışaraq qeyd etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR