Azərbaycanda uşaq hüquqlarına həsr olunmuş tədbir keçirilib

Azərbaycanda uşaq hüquqlarına həsr olunmuş tədbir keçirilib
# 27 noyabr 2012 09:49 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycanda uşaqların vəziyyətinin yaxşılaşdırılması və uşaq problemlərinin həllinə dair yekun tövsiyələr” mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bildirib ki, BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda Uşaq Hüquqları Konvensiyasının icrası və uşaq hüquqlarının qorunması vəziyyəti ilə bağlı təmsil etdiyi qurumun alternativ hesabatını 2011-ci ilin iyununda Cenevrədə müzakirə edib.
Bu ilin yanvarında isə Azərbaycan hökumətinin hesabatı BMT-nin Uşaq Hüquqları Komitəsində araşdırılıb. Hər iki hesabatın müzakirəsindən sonra BMT-nin Uşaq Hüquqları Komitəsi bu ilin fevralında Azərbaycana uşaq hüquqlarının müxtəlif sahələri üzrə təklif və tövsiyələrini göndərib. Tövsiyələrdə dövlətin Konvensiyada nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinə yönələn fəaliyyətini daha da gücləndirməyə çağırılıb.


UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard deyib ki, Azərbaycan 1992-ci ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub və onun icrasına dair öhdəlik götürüb: “Konvensiyaya uyğun olaraq Azərbaycan hökuməti ölkədə həmin sənədin icrası vəziyyəti və uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərlə bağlı hər 5 ildən bir BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat təqdim edir. Azərbaycan hökumətinin Konvensiyanın icrası ilə bağlı gördüyü işlərin icrasını sevindirici hal kimi dəyərləndirmək olar. BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycanda uşaqların vəziyyətinin yaxşılaşdırılması və uşaq problemlərinin həllinə dair yekun tövsiyələri ciddi qəbul edilməli, onun icrası həyata keçirilməlidir”.

M.Herevard qeyd edib ki, hazırda Azərbaycanda kifayət qədər uşaq təhsildən kənarda qalır: “Azərbaycanda xüsusən, inklüziv təhsilin genişləndirilməsinin vaxtı çatıb”.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat şöbəsinin sektor müdiri Vüqar Salmanov hökumətin bu sahədəki fəaliyyətinə diqqəti yönəldib: “Ölkədə uşaq siyasətinin həyata keçirilməsi, onların hüquqlarının qorunması ilə bağlı təmsil etdiyi qurum müvafiq işlər aparır, bu istiqamətdə həyata keçirilən layihələrə QHT-ləri də cəlb edir”.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev BMT-nin Uşaq Hüquqları Komitəsinin yekun tövsiyələrini daha sistemli adlandırıb. Onun sözlərinə görə, bu sənəddə bəzi yeniliklər mövcuddur. O, təmsil etdiyi qurumun tövsiyələrinin də aidiyyəti hökumət təşkilatlarına təqdim edildiyini də söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR