Biləcəri qəsəbəsində su xəttində qəza baş verib - FOTO

Biləcəri qəsəbəsində su xəttində qəza baş verib - <span style="color: red;">FOTO
# 21 noyabr 2012 15:13 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Noyabrın 20-də Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsi 3-cü döngə ərazisindən keçən hissəsində qəza baş verib.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, su sızıntısı qəsəbə sakinləri Gülnarə Fərəməzova və Elməddin Bağırova məxsus həyətlərdə yaranıb.

Qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə “Azərsu” ASC-nin, yerli icra hakimiyyəti və bələdiyyənin əməkdaşları əraziyə baxış keçirib. İlkin baxış zamanı məlum olub ki, G.Fərəməzova və E.Bağırova məxsus yaşayış evləri 2000-ci illərin ortalarında 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin mühafizə zolağında qeyri-qanuni inşa edilib.

Xatırladaq ki, qanunvericiliyə görə, 1200 mm diametrli yüksəktəzyiqli su kəmərinin hər tərəfdən 12 metri onun mühafizə zolağı sayılır və orada hər hansı tikinti aparmaq qadağandır.

Qəzanın fəsadlarının aradan qaldırılması üçün əraziyə texnika cəlb edilərək qazıntı işləri aparılıb. Borunun qəzalı yeri müəyyənləşdirilərək qəzanın fəsadları tam aradan qaldırılıb.

Qeyd edək ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq kommunal infrastruktur obyektlərinin, xüsusilə magistral və məhəllədaxili su kəmərlərinin yerləşdiyi ərazilərdə qeyri-qanuni şəkildə fərdi yaşayış evlərinin və kommersiya obyektlərinin tikintisi halları baş verib. “Azərsu” ASC-nin apardığı araşdırmalara görə, təkcə Bakı şəhərində belə mənzil və obyektlərin sayı minlərlədir. Mühafizə zonasındakı tikililər xətlərdə profilaktika işlərinin aparılmasına imkan vermir, baş verən qəzaların aradan qaldırılmasını çətinləşdirir.

“Azərsu” ASC bir daha bəyan edir ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi, kommersiya obyekti və ya digər tikilinin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR