Bakıda Qarabağ Naminə Həmrəylik Forumu keçirilib - FOTO

Bakıda Qarabağ Naminə Həmrəylik Forumu keçirilib - <span style="color: red;">FOTO
# 26 dekabr 2012 12:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Bu gün Bakıda Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə Qarabağ Naminə Həmrəylik Forumu keçirilib. APA-nın məlumatına görə, forumda millət vəkilləri, siyasi-ictimai xadimlər, sosial təbəqə nümayəndələri və ekspertlər iştirak edib. Tədbirin keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Azərbaycanda və dünyada yaşayan soydaşlarımızın Qarabağ münaqişəsində həmrəyliyini nümayiş etdirmək, vahid mövqeni göstərmək, beynəlxalq təşkilatların, dünya birliyinin diqqətini bir daha Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş işğal faktına cəlb etməkdən ibarətdir.

Forumda çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qarabağ münaqişəsi və onun həlli yollarından danışıb. QAT sədrinin sözlərinə görə, münaqişənin sülh yolu ilə həllinə ümid etmək olmaz: “Münaqişə yalnız hərbi yolla öz həllini tapa bilər”.

Münaqişənin Azərbaycan xalqının milli qüruruna böyük zərbə vurduğunu deyən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquluyev də Qarabağ probleminin sülh yolu ilə həllinin olmadığını vurğulayıb: “Nə qədər ki, Azərbaycan xalqı müharibə tələb etmir, münaqişə həll olunmayacaq. Biz yalnız hərbi yolla və peşəkar ordu qurmaqla problemi həll edə bilərik”.

BQP sədri, millət vəkili Fazil Mustafa bildirib ki, problemin həllində sülh və müharibə üsulundan əlavə realist bir yol tapılmalıdır: “Azərbaycan ordusunun formalaşması prosesi, ordunun bu savaşa hazırlıq perspektivləri yaxşı deyil. Ona görə də, düşünürəm ki, münaqişənin həllində nə müharibə, nə də sülh yolu vacibdir. Problemi həll etmək üçün daha realist üsul tapılmalıdır. Yəni, iqtisadi və bir çox sahələrdə təsir göstərməklə həll mümkündür”.

Ziyalılar Forumunun üzvü Mehriban Vəzir problemin həllində maarifçiliyin roluna diqqət çəkib, Qarabağ tarixinin və mədəniyyətinin geniş təbliğinə ehtiyac olduğunu deyib.

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Qarabağ münaqişəsinin həllində dövlət məsuliyyət daşımalı və xalqı təşkilatlandırmalıdır.

Qeyd edək ki, tədbirdə forum təşkilatçıları adından Ermənistan işğalını pisləyən və Azərbaycan ərazilərinin azad olunmasını tələb edən bəyannamə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR