AMEA Tarix İnstitutunun direktoru: “Gürcüstanda ayrı-ayrı qüvvələr Azərbaycandakı alban abidələrini gürcüləşdirməyə çalışırlar”

AMEA Tarix İnstitutunun direktoru: “Gürcüstanda ayrı-ayrı qüvvələr Azərbaycandakı alban abidələrini gürcüləşdirməyə çalışırlar”
# 25 dekabr 2012 09:17 (UTC +04:00)

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu problemlə əlaqədar ciddi tədbir görülməsini tələb edib.

O, Arxeologiya və Etnoqrafiya İnstitutunu Balakən-Zaqatala bölgəsindəki arxeoloji abidələri yaxşı tədqiq etməməkdə tənqid edib: “Azərbaycan Albaniya dövlətinin abidələrinin böyük əksəriyyəti şimal-qərbi Azərbaycandadır. Gürcüstandan heç kimdən icazə almadan sərhədi keçirlər, sonra isə əllərində xüsusi siyahı ilə Balakən-Zaqatala zonasındakı alban abidələrini qədim gürcü abidələri kimi qeydə almağa başlayırlar. Bu yolverilməz haldır. Bunun qarşısını almaq üçün sərhəddə daimi ekspedisiyalar olmalıdır. Ordan keçib gələnlər görməlidirlər ki, burda Azərbaycanın tarixi, etnoqrafik, arxeoloji ekspedisiyaları işləyir”.

Y.Mahmudov qeyd edib ki, bu abidələr müxtəlif dövrlərdə müxtəlif ölkələr tərəfindən qarət edilib: “İndi isə bu bölgədəki abidələrə elmi müdaxilələr var. Buna görə də mən çox narahatlıq keçirirəm ki, Azərbaycanın şimal-qərb torpaqlarında indiyədək rəsmi arxeoloji ekspedisiya yoxdur. Yalnız iki nəfər bu yerləri araşdırır. Amma AMEA Rəyasət Heyətinin qərarı ilə Balakən, Oğuz, Zaqatala və Şəkidə daimi arxeoloji ekspedisiyalar işləməlidir. Əks halda meydan boş qalır və başqaları bu abidələri öyrənərək süni surətdə öz tarixlərinə calamağa çalışırlar. Xüsusən Azərbaycanla dost münasibətdə olan Gürcüstanda ayrı-ayrı qüvvələr strateji müttəfiqliyə xəyanət edərək Azərbaycan torpaqlarına keçir, burdakı tarixi alban abidələrini saxtalaşdıraraq gürcüləşdirməyə çalışırlar”.

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi Kamal Abdullayev isə bildirib ki, bu problem AMEA-da müvafiq institutların rəhbərlərinin iştirakı ilə ciddi müzakirə olunacaq: “Azərbaycanın sərhəd rayonları üzrə elmi strategiya düzgün müəyyənləşdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR