Bakıda sərnişin nəqliyyatında ciddi problemlər yaranıb

Bakıda sərnişin nəqliyyatında ciddi problemlər yaranıb
# 24 dekabr 2012 08:21 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Son günlər paytaxt daxilində və ya şəhər kənarlarına hərəkət edən avtobus marşrutlarının işində problemlər özünü daha çox büruzə verməyə başlayıb. «APA-Economics»in məlumatına görə, avtobusların qrafikə uyğun olmayaraq hədən artıq gecikməsi, dayanacaqda gözləmə vaxtının artması, avtobuslarının sayının az olması səbəbindən sərnişinlərin avtobusa minə bilməməsi basabas olması və s. kimi hallar pik saatlarında daha da çoxalıb.

APA-ya müraciət edən vətəndaşların sözlərinə görə, 108 saylı marşrutda (“Azadlıq” metrosu-Goradil qəsəbəsi istiqamətində hərəkət edir) sərnişinlərin 55 dəqiqə gözlədiyi, 49 saylı marşrutda («Xalqlar dostluğu» metrosundan, 50 dəqiqə) 50 dəqiqə, 158 saylı marşrutda (Sulutəpə-«20 Yanvar» metro stansiyası) 40 dəqiqə, 64 saylı marşrutda («Yeni Günəşli»-«Neftçilər» metrosu) isə sərnişinlərin avtobusu pik saatlarında 40 dəqiqədən artıq gözlədiyi hallar qeydə alınıb. «142 saylı marşrut ən pis işləyən marşrutdur bəlkə də. Kefləri istəyəndə gəlirlər, istəməyəndə yox. Konkret interval yoxdur. Pik vaxtlarda, ümumiyyətlə, gec işləyirlər» - deyə «Facebook» istifadəçilərdən biri yazır.

APA-ya müraciət edən şəhər sakinləri avtobusların gecikməsi ilə yanaşı, onların sayının az olmasından da şikayətləniblər. Avtobusların sayı az olduğuna görə onlar elə ilk dayanacaqlarda dolur və sonrakı dayanacaqlardakı sərnişinlərin bura minməsi qeyri-mümkün olur. Belə hallar özünü Xırdalan qəsəbəsindən hərəkət edən 119 və 135 saylı marşrutlarda göstərir - pik saatlarında bu avtobuslara minmək mümkün deyil. Üstəlik, bəzi marşrutların ləğv edilməsi nəticəsində şəhərin bir sıra ərazilərinə ictimai nəqliyyatla çatmaq qeyri-mümkün olub: «Qaraçuxurdan “Neftçilər”ə gedən bütün avtobusları ləğv ediblər. Təkcə 81 işləyir. 4 avtobusun 1-i ilə əvəzlənməsinin yaratdığı mənzərəni təsvir etməyə dilimizin qüdrəti çatmır. Üstəlik, 68 saylı marşrutu ləğv etdikdən sonra o tərəfdə yerləşən məktəblərin şagirdləri azı 3 dayanacağı piyada gedirlər» - deyə «Facebook» istifadəçilərdən biri yazır. «Azadlıq prospekti» metrosu - Fatmayı bağları istiqamətində hərəkət edən 134 saylı avtobus da qeyri-rəsmi bağlanıb. Bağlanan xətlərin arasında onun adı yoxdur. Həmin xətt təxminən 15 il əvvəl dəniz kənarında pansionatlarda yaşayan Şuşa, Xocalı və Füzulidən olan məcburi köçkünlər üçün açılıb. Vaxtilə metronun «Memar Əcəmi» stansiyasına qədər işləyib, sonradan xətti “Azadlıq prospekti” stansiyası istiqamətinə dəyişiblər. İndi həmin məcburi köçkünlər 6-7 km olu piyada gedirlər» - deyə şəbəkənin başqa istifadəçisi avtobusların işi barədə məlumat verir.

«Biləcəri qəsəbəsindən «Azadlıq prospekti» metro stansiyası istiqamətində hərəkət edən 72 saylı marşrut bağlanıb, yeni marşrut verməyiblər» - deyə digər sakinin müraciətində deyilir.

Nəqliyyat Nazirliyi isə şəhərdaxili marşrutlarda belə halların hələ bundan sonra da müəyyən müddət ərzində davam edəcəyini bildirir. Nazirliyin mətbuat katibi Namiq Həsənov bildirib ki, avtobusların sayının azalması bir-birini təkrarlayan marşrutların bağlanması, istismar müddəti başa çatan və istifadəyə yararsız olan kiçik tutumlu avtobusların xətlərdən çıxarılması ilə bağlıdır: «Onların yerinə yeniləri gətirilənədək belə vəziyyət olacaq». N.Həsənovun sözlərinə görə, hazırda paytaxtdakı marşrut avtobuslarının 10-15%-i - təqribən 250-300 avtobus bu tələblərə cavab vermir, belələri Bakı kəndləri istiqamətində istifadə olunur.

Qeyd edək ki, eyni istiqamətdə hərəkət edən marşrutların ləğvi zamanı məhz hansı marşrutun ləğv edilməsini nazirlik özü müəyyən edir. Bu zaman əsas meyar kimi marşrutların səmərəsizliyi qəbul edilir: «Hansı səmərəsizdirsə, o ləğv edilir». Hərçənd Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, yeni marşrutların açılması müsabiqə əsasında həyata keçirilməlidir.

Avtobuslar arasında intervala toxunan Nəqliyyat Nazirliyinin nümayəndəsi bildirib ki, bu, marşrutun uzunluğundan asılıdır - məsafə uzandıqca, interval da artır. Maksimum interval «28 May» metro stansiyası ilə Binə Hava Limanı arasında çalışan marşrutdadır - yarım saat.

Bununla yanaşı, qeyd edək ki, Bakı daxilində hərəkət edən avtobusların hərəkət qrafiki heç yerdə göstərilməyib. N.Həsənov bildirib ki, bu qrafik tez-tez dəyişdiyindən, onu açıqlamaq mümkün deyil: «Gələn ilin əvvəlində marşrutlarda dəyişikliklər başa çatandan sonra sabit qrafik müəyyən olunacaq və əhaliyə açıqlanacaq». Sərnişinlərin ən çox narazılığına səbəb olan axşam saatlarında avtobusların işləməməsinə gəlincə, N.Həsənov bildirib ki, hansı marşrutun hansı vaxtadək işləməsi də heç yerdə göstərilmir, amma bütün avtobuslar gecə saat 12-dək çalışmalıdır. Nazirliyin nümayəndəsi bildirib ki, avtobusların işi ilə bağlı narazılığı olanlar şikayətlərini Bakı şəhər Sərnişin Daşıma Departamentinin (012) 561-76-28 saylı qaynar xəttinə və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə 141 saylı telefona zəng etməklə bildirə bilərlər. Qeyd edək ki, hər iki qurumda şikayətlər yalnız səhər saat 9-dan 18-dək qəbul edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR