Qurban Nəzirov: «Gürcüstan hökumətindəki dəyişikliklər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə təsir etməyəcək»

Qurban Nəzirov: «Gürcüstan hökumətindəki dəyişikliklər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə təsir etməyəcək»
# 29 noyabr 2012 12:47 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin baş mühəndisi Qurban Nəzirov məlumat verib.

Onun sözlərinə görə, hazırda layihə çərçivəsində bütün işlər mövcud qrafikə uyğun şəkildə həyata keçirilir və Gürcüstan hökumətində baş verən restrukturizasiya bu layihənin icrasına təsir etməyəcək.

Q.Nəzirov onu da bildirib ki, artıq gələn ilin sonunda Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə ilk sınaq qatarının yola salınması planlaşdırılır.

Qeyd edək ki, hazırda Gürcüstan hökumətində baş verən dəyişikliklərlə yanaşı «Gürcüstan Dəmir Yolu» səhmdar cəmiyyətinin rəhbərliyində də restrukturizasiya aparılıb. Belə ki, bu qurumun yeni Müşahidə Şurasının sədri, baş direktorun birinci müavini və infrastruktur üzrə direktor təyin olunub. Hazırda «Gürcüstan Dəmir Yolu» səhmdar cəmiyyətinin baş direktoru vəzifəsi vakant olaraq qalır və bu vəzifəni yeni təyin olunmuş baş direktorunun birinci müavini icra edir.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə və Azərbaycan ərazilərindəki hissəsinin tikintisi artıq başa çatıb. Dəmir yolu tikintisi layihəsinin həyata keçirilməsi üçün dövlətlərarası sazişə əsasən, Azərbaycan tərəfindən Gürcüstana ayrılmış 775 mln. manat vəsaitdən 2007-2012-ci illərdə 326,9 mln. manat, bundan 47,1 mln. manat isə cari ilin ilk yarısında xərclənib.

Bakı-Tbilisi-Qars dəmir yolu tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq. Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə qədər olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və yenidən qurulması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. Bakı-Tbilisi-Qars layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Dəmir yolu 2014-cü ildə istifadəyə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR