Azərbaycanda «Ev kitabları» tətbiq olunacaq

Azərbaycanda «Ev kitabları» tətbiq olunacaq
# 14 dekabr 2012 12:51 (UTC +04:00)

Azərbaycanın şəhər və qəsəbələrindəki ev təsərrüfatları üzrə «Ev kitabı»nın tətbiqinə başlanacaq.

Dövlət Statistika Komitəsi «Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabının və onun aparılmasına dair metodoloji göstərişlərin təsdiq edilməsi haqqında» qərar qəbul edib. Qərarda ev təsərrüfatlarının uçotu kitabının forması və onun aparılmasına dair metodoloji göstərişlər də təsdiqlənib.

Kitabda təsərrüfat üzvləri haqqında məlumatlar, o cümlədən onların təhsili, iş yeri, pensiyaçılar, hərbi mükəlləfiyyəti olanlar, ünvanlar, telefonlar qeyd olunacaq. Sakinlərin razılığı ilə kitaba ailə üzvlərinin elektron ünvanları da əlavə edilə bilər.

Ev kitabında sakinlərin yaşayış şəraiti və mülkiyyəti haqqında da məlumatlar yer alacaq. Burada yaşayış sahəsinin növü (fərdi tikili, yaşayış binası, xidməti və yataqxana yaşayış sahələri, digər), mülkiyyəti, tikildiyi il göstəriləcək. Mənzillərin abadlıq səviyyəsi də qeyd ediləcək. Yəni, onun qaz (şəbəkə qazı və ya maye balon qazı olması göstərilməklə), su (mərkəzləşdirilmiş, quyu), kanalizasiya (mərkəzləşdirilmiş, fərdi), İstilik sistemi (mərkəzləşdirilmiş, fərdi, yoxdur) təminatı barədə məlumatlar göstəriləcək. Kitabda mənzillərdə telefon və internet xəttinin olub-olmaması da qeyd ediləcək.

Sənəddə ev təsərrüfatının mülkiyyətində (istifadəsində, icarəsində) olan kənd təsərrüfatı resursları də göstərilməlidir.

Ev təsərrüfatlarının uçotu kitabı inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən aparılır və yanvarın 1-dən 15-dək olan dövrdə ev təsərrüfatlarını baş çəkmək yolu ilə müşahidə etmək və əhalidən sorğu aparmaq yolu ilə yenidən tərtib edilir.

Ev təsərrüfatlarının uçotu kitablarının məlumatlarından maliyyə, sığorta, statistika və digər orqanlar şəhər əhalisinin sosial və milli mənsubiyyəti, cins və yaş tərkibi, mövcud ərazidə istifadəsində və xüsusi mülkiyyətində olan yaşayış sahələri və digər tikililəri, mal-qaranı, torpağı uçota almaq və digər məlumatlar əldə etmək üçün istifadə edilir. Bundan başqa, kitabdakı məlumatlardan ümumtəhsil müəssisələrində icbari ümumi orta təhsili təmin etmək məqsədilə məktəb yaşlı uşaqların siyahılarını, seçkilərdə iştirak etmək hüququna malik olanların siyahılarının müəyyən edilməsi və s. üçün istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR