Bahar Muradova Raffi Ovannisyanın Bakıda səsləndirdiyi fikirlərə münasibət bildirib

Bahar Muradova Raffi Ovannisyanın Bakıda səsləndirdiyi fikirlərə münasibət bildirib
# 22 noyabr 2012 10:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA Milli Məclisin sədr müavini Bahar Muradova Ermənistanın sabiq xarici işlər naziri, bu ölkənin “İrs” Partiyasının sədri Raffi Ovannisyanın Bakıda səsləndirdiyi fikirlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, B.Muradova jurnalistlərə açıqlamasında deyib ki, beynəlxalq hüquq prinsiplərini ayaq altına alıb tapdayan, təcavüzkarlığı dövlət siyasəti çərçivəsində normal hesab edən Ermənistan kimi bir ölkənin özündə iradə tapıb işğalçılığını etiraf etməsi daha yaxşı olar.

B.Muradovanın sözlərinə görə, ermənilər boynuna almalıydı ki, qonşu dövlət olan Azərbaycanın torpaqlarının bir hissəsini işğal altında saxlayırlar: “Bunun nəticəsində isə bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bütün bunları törədən Ermənistan etiraf etmək istəmir və hətta özündə güc tapıb başqaları ilə necə hərəkət etməyi tövsiyə də edir. Bu, Ermənistanın öz işidir. Amma Azərbaycanın qətiyyətli mövqeyi var. Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yaradıla bilməz və ölkə heç bir zaman torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq. Məhz beynəlxalq hüquqa söykənərək öz vətəndaşlarının təhlükəsizliyini və ərazi bütövlüyünü bərpa etmək üçün bütün lazımi addımlar atacaq”.

B.Muradova Ermənistan tərəfinin bu kimi fikirlərinin Azərbaycanda ictimai rəyə hər hansı bir təsir göstərmək iqtidarında olmadığını söyləyib: “Çünki Ermənistanın işğalçı olduğunu BMT-nin 4 qətnaməsi, ATƏT-in qəbul etdiyi sənədlər və Minsk Qrupunun bəyanatları bir daha göstərir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR