Azərbaycan FHN bu il 282-si uşaq olmaqla 1215 nəfəri xilas edib - FOTO

Azərbaycan FHN bu il 282-si uşaq olmaqla 1215 nəfəri xilas edib   - <span style="color: red;">FOTO
# 15 dekabr 2012 12:54 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Bu ilin 11 ayı ərzində Azərbaycanda fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 282-si uşaq olmaqla 1215 nəfər xilas edilib, 148 nəfər zərərçəkmişə ilk yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilib, vəfat etmiş 104 nəfərin cəsədinin deformasiyaya uğramış nəqliyyat vasitələrindən, uçqunlar altından, bağlı qapı arxasından və sairə yerlərdən çıxarılması təmin edilib.

APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin yaranmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib. Nazir qeyd edib ki, bu ilin 11 ayı ərzində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupları tərəfindən 897 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatı həyata keçirilib.

Ötən dövrdə Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 140 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 102 nəfər xəsarət alan deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq tibb məntəqələrinə çatdırılıb, xəsarət almadan sıxılmış vəziyyətdə qalmış 97 nəfər əzilmiş avtomobillərdən çıxarılıb. Aprel ayında Şamaxı və Ağsu rayonlarında baş vermiş güclü sel zamanı isə 22 nəfər xilas edilib.

Qəza-xilasetmə işlərini daha çevik həyata keçirmək məqsədilə əlavə olaraq 14 ədəd "Nissan-Patrol" markalı xilasedici avtomobillərə müvafiq avadanlıqlar quraşdırılaraq Ağdaş, Ağcabədi, Ağsu, Biləsuvar, Beyləqan, Qazax, Sabirabad, Goranboy, Mingəçevir, Zaqatala, Şirvan, Şəmkir, Ucar Rayon Dövlət Yanğından Mühafizə hissələrinin istismarına verilib.

Bu ilin 11 ay ərzində Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan su hövzələrində batmaq təhlükəsi ilə üzləşmiş 230 nəfər və nəzarət olunmayan ərazilərdə 110 nəfər olmaqla cəmi 340 nəfər xilas edilib, nəzarət olunmayan ərazilərdə suda batmış 49 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həyata keçirilən tədbirlər sayəsində nəzarət olunan ərazilərdə suda batma halı baş verməyib.

Nazir qeyd edib ki, aviasiya dəstəsinin helikopterləri və "Be-200ÇS" tipli təyyarəsi Xəzər dənizində qəzaya uğramış və batma təhlükəsi ilə üzləşmiş balıqçıların, Qəbələ rayonunda dağlarda qar uçqununa məruz qalmış şəxslərin axtarışı ilə əlaqədar axtarış-xilasetmə işlərinə, Qusar, İsmayıllı, Şamaxı rayonlarında meşə yanğınlarının, Bakı şəhərində 9 mərtəbəli binada, Dövlət Sərhəd Xidmətinə aid hərbi hissənin anbarında, Heydər Əliyev Mərkəzində və Sumqayıt şəhərində məişət malları istehsal edən zavodda baş vermiş yanğınların söndürülməsinə cəlb edilib, Zaqatala rayonunda baş vermiş zəlzələ ilə əlaqədar uçuşlar həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR