Masallıda erkən nikahlarla bağlı maarifləndirici tədbir keçirilib

  Masallıda erkən nikahlarla bağlı maarifləndirici tədbir keçirilib
# 18 dekabr 2012 21:34 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Dekabrın 18-də Masallı rayon Gənclər Mərkəzində “Erkən nikahlara yox deyək!” devizi altında maarifləndirici tədbir keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, əsasən qızların qatıldığı tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, bəzən erkən nikahlar qızların istəklərinin göstəricisi kimi dəyərləndirilsə də, buna səbəb valideynlərin öz övladlarını təhsildən yayındırmaqla mümkün qədər tez ərə vermək haqqında fikirləşməsidir. Bu isə sonradan acınacaqlı fəsadlarla sonuclanır.

Masallı rayon təhsil şöbəsinin metodisti Münəvvər Əzimova isə çıxışında təhsilin erkən nikahlara qarşı ən effektiv mübarizə üsullarından biri olduğunu qeyd edərək, orta və ali təhsil müəssisələrində erkən nikahların səbəb olduğu bir sıra problemlər barədə qızlar arasında təbliğat işlərini aparmağın vacibliyinə önəm verib.

Masallı Mərkəzi Rayon Xəstəxanasının həkim-ginekoloqları Almas Bakıxanova və Tahirə Əsədova da erkən yaşlarda qızların ailə qurmağa və dünyaya uşaq gətirməyə nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları üçün doğuş zamanı əksər hallarda onların özlərinin və körpələrinin ölüm riski ilə üzləşdiklərini dilə gətiriblər. Onların qənaətinə görə, erkən yaşda evləndirilən oğlan və qızların nəsilartırma və sağlamlığında böyük problemlər yaranır. Son nəticədə isə ailə dağılaraq uçuruma yuvarlanır.

Rayonun fəal gənclərindən Günay Mehrəliyeva, Gülnar Rzayeva, İlahə Abbasova və başqaları bildiriblər ki, erkən nikahların səbəblərindən biri də biliksizlikdir. Erkən nikahlara girmiş qızlar çox vaxt orta məktəbi tam bitirib başa çatdırmırlar. Bu isə onların şəxsi inkişafına mənfi təsir göstərir və qadınların gələcəkdə sosial təcridinə səbəb olur.

Sonda tədbir iştirakçılarına müzakirə olunan mövzuya dair bukletlər paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR