Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının Nazirlər Sammitində iştirak edib

Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının Nazirlər Sammitində iştirak edib
# 10 noyabr 2012 09:07 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Londonda keçirilən Dünya Səyahət Sərgisi çərçivəsində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Nazirlər Sammitində iştirak edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir zamanı Ə.Qarayev “Açıq sərhədlər və açıq səmalar” adlı sessiyada çıxış edib, turizm sahəsində Azərbaycanda görülmüş işlər, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi qayğı və ÜTT ilə əməkdaşlıqda əldə olunan nailiyyətlər haqqında qonaqlara və sammit iştirakçılarına məlumat verib.

Səfər çərçivəsində nazir eləcə də Böyük Britaniyanın mədəniyyət və kommunikasiya naziri Ed Veyzi ilə görüşüb. Ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Fəxrəddin Qurbanovun da iştirak etdiyi görüş zamanı Ed Veyzi Azərbaycanda Rabitə və Kommunikasiya sərgisində olduğu zaman iqtisadiyyat və mədəniyyət sahəsində görülən işlərə və yeniliklərə valeh olduğunu bildirib. Nazir Ə.Qarayev dövlət proqramı üzrə Azərbaycanın yeni turizm istiqaməti kimi dünya, xüsusilə də Avropa miqyasında təşviq olunmasını qeyd edib. Ölkədə mədəniyyət sahəsində görülən işlər, teatrlarımızda səhnələşdirilən tamaşalar və çəkilən yeni filmlərdən bəhs edən Ə.Qarayev bu il Qəbələ şəhərində keçirilmiş beynəlxalq musiqi festivalında London orkestrinin yüksək səviyyədə iştirakını xatırladaraq, ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər və musiqi festivalları, gələn il açılacaq dünyanın ən böyük xalça muzeyinin ölkəmizdə fəaliyyət göstərəcəyi haqqında məlumat verib. Görüşdə eyni zamanda, qarşılıqlı maraq doğuran layihələr və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Daha sonra Ə.Qarayev həmkarını 2013-cü ildə Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR