AFFA klubları cəzalandırıb

AFFA klubları cəzalandırıb
# 18 dekabr 2012 10:07 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XVII turunun oyunlarında baş verənləri müzakirə edən İK müvafiq qərarlar çıxarıb.

“Xəzər Lənkəran” – “Neftçi” matçında qonaqların 4, meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər 2 klub 1000 manat cərimə olunub. 84-cü dəqiqədə yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün cənub təmsilçisi daha 2000 manat ödəyəcək.

Fasilədə hər 2 komandanın azarkeşləri tərəfindən oturacaqlar sındırılıb ki, bu səbəbdən “Neftçi” “Xəzər Lənkəran”a dəymiş ziyana əsasən təqdim edəcəyi hesaba uyğun olaraq ödəmə etməlidir.

“Bakı” ilə matçın 90+1-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Qara Qarayev kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 matçlıq cəzalanıb və klubunu 2000 manat ziyana salıb. Futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir, və ona 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik bərpa olunacaq.

“Rəvan” – “Sumqayıt” matçında hər 2 klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hərəyə 1000 manat ödəməli olacaq.

“Qəbələ” – “Simurq” matçında qonaqların 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün zaqatalalılar da eyni məbləğ ödəməli olacaqlar.

Matçın 85-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimələnib. Qarşılaşma başa çatdıqdan sonra “Simurq”un qapıçısı David Peterzkeviç hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb və klubunu 4000 manat ziyana salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR