Bakı Gəmiqayırma Zavodunun tikintisi 2013-cü ilin sentyabr ayında başa çatdırılacaq

Bakı Gəmiqayırma Zavodunun tikintisi 2013-cü ilin sentyabr ayında başa çatdırılacaq
# 14 noyabr 2012 16:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Gəmiqayırma Zavodunun tikintisinin 2013-cü ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, 2011-ci il oktyabrın 19-da ARDNŞ-ın “Neftqaztikinti” Tresti ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında imzalanmış müqaviləyə əsasən, trest “Bakı Gəmiqayırma Zavodunun Tikintisi” layihəsini icra edir.

Layihənin strateji əhəmiyyətini nəzərə alaraq trestin tabeliyində yeni struktur - Sənaye Tikinti İdarəsi yaradılıb. İdarə zavodun sənaye və mülki tikinti işləri ilə məşğul olur. Bundan başqa, layihə üzrə hazırlıq işlərinə “Neftqaztikinti” Trestinin Yol Tikinti Təmir İdarəsi də cəlb olunub.

Hazırda metal-konstruksiya işləri yerinə yetirilir. Bundan başqa, zavod üçün beşmərtəbəli əsas ofis binası, Təlim Mərkəzi, sifarişçi, təchizatçı, topoqraflar üçün ofis, mexaniki emalatxana, zavodun təmir emalatxanası, elektrik emalatxanası, ikimərtəbəli yeməkxana, soyunub-geyinmə otağı, tibb məntəqəsi, kompressor binası, oksigen anbarı, 3 ədəd karbon dioksid anbarı, eyni zamanda Bakı Gəmiqayırma Zavodunun elektrik təchizatının etibarlı təminatı üçün əsas yarımstansiya və generator, 7 ədəd yarımstansiya binası tikilir. Bütün inşaat işləri qrafika uyğun davam etdirilir.


“Bakı Gəmiqayırma Zavodunun Tikintisi” layihəsinin icrasına 1500 nəfərə yaxın işçi cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR