«VTB-Azərbaycan» gələn il də zərərlə işləyəcək

«VTB-Azərbaycan» gələn il də zərərlə işləyəcək
# 07 dekabr 2012 09:05 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Rusiya «Vneştorqbank»ının (VTB) törəmə müəssisələrinin xalis mənfəəti 2011-ci ilin analoji dövrünə nisbətən 32,5% və ya 1,4 mlrd. rubl (45 mln. ABŞ dolları) artaraq 5,7 mlrd. rubla (184 mln. dollara) çatıb.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə VTB-nın törəmə müəssisələri departamentinin rəhbəri Mixail Yakunin bildirib.

Onun sözlərinə görə, xarici bankların VTB qrupunda rolu artır və qrupun inkişafında əsas yeri tutur. Cari ilin ilk yarısının maliyyə göstəricilərini şərh edən M.Yakunin gələcəkdə də analoji dinamikanın gözlənildiyini bildirib.

VTB-nın xaricdəki törəmə müəssisələri 2011-ci il üzrə ödədikləri dividentlərin həcmi 7,5 mlrd. rubl (242 mln. dollar) təşkil edib.

Bankın Avropada yerləşən törəmə müəssisələrinin məcmu mənfəəti 4,8 mlrd. rubl (155 mln. dollar) təşkil edib ki, bu müəssislər 100 mindən artıq müştəri cəlb edib və aktivlər 1,9 mlrd. avroya çatıb. Avropadakı törəmə müəssisələrindən «VTB-Almaniya»nın mənfəəti 1 mlrd. rubldan (32,3 mln. dollar) çox olub, «VTB-Fransa»nın mənfəəti isə 1,2 mlrd. rubla (38,7 mln. dollar) çatıb.

«Asiyada VTB qrupu Çin, Hindistan və Vyetnamda fəaliyyət göstərir. Çində VTB-nin əsas fəaliyyət istiqaməti valyuta birjasına yönəlib ki, burada əməliyyatların həcmi 38 mlrd. rubldan (1,2 mlrd. dollar) çox olub. Bankın Hindistan filialı isə bu ölkədə bank xidmətlərinin pərakəndə bazarına çıxır», - deyə M. Yakunin bildirib.

MDB ölkələrində VTB-nin fəaliyyətindən danışan departament rəhbəri qeyd edib ki, MDB məkanında Azərbaycan və Qazaxıstan istisna olmaqla, VTB-nin bütün törəmə müəssisələri mənfəət əldə edib. VTB-nin Ukraynadakı törəmə müəssisəsi 2012-ci ilin ilk yarısında 1,6 mlrd. rubl (51,6 mln. dollar), Belarusda 218 mln. rubl (7,032 mln. dollar), Gürcüstanda 185 mln. rubl (5,967 mln. dollar), Ermənistanda 145 mln. rubl (4,677 mln. dollar) mənfəət əldə edib. «VTB-Gürcüstan» və «VTB-Ermənistan» ilk dəfə olaraq divident ödəməyə başlayıb.

«Azərbaycandakı törəmə müəssisəmiz hələlik zərərlə işləyir. Lakin artıq 2014-cü ildə «VTB-Azərbaycan»ın rentabelli olacağı gözlənilir. Gələn il VTB qrupu Azərbaycanda bankların kapitalının artırılması ilə bağlı tələbə uyğun olaraq «VTB-Azərbaycan»ın kapitalını 627 mln. rubldan (20,2 mln. dollar) 2 mlrd. rubladək (64,5 mln. dollar) artırmağı planlaşdırır», - deyə M.Yakunin bildirib.

«VTB-Qazaxıstan»a gəldikdə isə M.Yakunin qeyd edib ki, VTB-nin bu törəmə müəssisəsi dinamik inkişaf edir və artıq 2013-cü ildə mənfəətə çıxacaq. M.Yakunin VTB-nin Azərbaycan və Qazaxıstanda fəaliyyət göstərən törəmə müəssisələrinin zərərlə işləməsini bankın bu ölkələrdə nisbətən yeni fəaliyyətə başlaması ilə izah edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR