MM-in gələn ilki sessiyasında ictimai yerlərdə siqaret çəkmənin məhdudlaşdırılması haqqında layihə müzakirəyə çıxarıla bilər

MM-in gələn ilki sessiyasında ictimai yerlərdə siqaret çəkmənin məhdudlaşdırılması haqqında layihə müzakirəyə çıxarıla bilər
# 19 noyabr 2012 08:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Milli Məclisin gələn ilki sessiyasında “Azərbaycan Respublikasında ictimai yerlərdə siqaret çəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. O bildirib ki, bu qanunun qəbul edilməsi uzun zaman tələb edən məsələlərdən biridir. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda tütünçülük haqqında qanun var və burada da ictimai yerlərdə siqaret çəkməyə qadağının qoyulması, tütün məmulatlarını uşaqlara satmaq, həmçinin məktəb, uşaq müəssisələrinin yerləşdiyi ərazilərdə bu məhsulları satmaq qadağan edilib. H.Rəcəbli qeyd edib ki, bu məsələdə cəzalandırma hər zaman effektiv nəticə vermir: "Qardaş ölkə Türkiyədə də bu qanun qəbul edilib və bir müddət siqaret çəkənlərə qarşı cəzalandırma tədbirlərinin həyata keçirilməsi gözlənilən effekti vermədi. Biz də bunları düşünülmədən etsək müəyyən fəsadları olacaq və istədiyimiz faydanı ala bilməyəcəyik. Ona görə də düşünürük ki, ictimai yerlərin sahiblərinin cəzalandırılması bu məsələdə ön plana çəkilə bilər. Belə olanda problemi qismən həll etmək olar".

H.Rəcəbli qeyd edib ki, cəmiyyətin bu qadağaya tam hazır deyil. Onun sözlərinə görə, bu qanun qəbul olunsa, ictimai yerlərdə siqaret çəkmək üçün əlavə yerlər yaradılmalıdır. Bütün məsələlərin həllində maarifləndirmə, ictimai qınaq olmalıdır: “Bu məsələdə bizlərə birinci mətbuat kömək etməlidir. Mətbuat nümayəndələri həm özləri ictimai yerlərdə siqaret çəkməməli, həm də bunu edənlərə qınaqla yanaşmalıdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR