Azərbaycanda tikinti sektorunda durğunluq başlayıb

Azərbaycanda tikinti sektorunda durğunluq başlayıb
# 23 noyabr 2012 08:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2012-ci ilin oktyabr ayı üzrə 72,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu ilin sentyabrında həmin indikator 150,0%-ə bərabər olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. Beləliklə, oktyabr ayında mənzil tikintisinə yönəldilən investisiyalar aylıq müqayisədə 2,1 dəfə azalıb:

Göründüyü kimi, indeksin azalması ilə yanaşı indeks 100%-dən aşağı olub. Həmin faktlar oktyabr ayında mənzil tikintisinə yönəldilən investisiyaların aylıq müqayisədə azalmasını əks etdirir.

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və onun dinamikası tikinti bazarındakı vəziyyəti göstərir. Eyni zamanda, Azərbaycanda tikinti sektorunda subyektiv amillər də vacib rol oynayır. Məsələn, oktyabrda tikintidə müşahidə olunan bu durğunluq üçün heç bir obyektiv amil nəzərə çarpmayıb, o cümlədən, mövsümi amilin də burada rolu əhəmiyyətli olmayıb. Çünki oktyabrda ölkədəki hava şəraiti tikinti işləri üçün çox əlverişli olub. Bu səbəbdən qeyd etmək lazımdır ki, tikintidə fəallığın kəskin azalması ilk növbədə tikinti ilə məşğul olan fiziki və hüquqi şəxslərin maliyyə vəziyyətləri ilə bağlı olub ki, bu da ümumən ölkədə hər hansı bir böhranın olmaması fonunda subyektiv amil kimi qiymətləndirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR