Təhsil Nazirliyi: Testlərə aludəçilik nümayiş etdirmək düzgün deyil

Təhsil Nazirliyi: Testlərə aludəçilik nümayiş etdirmək düzgün deyil
# 28 noyabr 2012 13:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bəzi müəllimlər hesab edir ki, testlərə müraciət etməklə yeni qiymətləndirməni həyata keçirmiş olurlar. Ancaq bu fikirlər yanlışdır”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva deyib.

O bildirib ki, ümumiyyətlə, test sualları, tapşırıqları qiymətləndirmə vasitəsi kimi yalnız fəaliyyətin yekununda istifadə edilə bilər. Şöbə müdirinin sözlərinə görə, optimal vasitə kimi testə müraciət edilə bilər, amma şagird biliyinin testlə yoxlanılması üçün bunlar vacib deyil. T.Hacıyeva vurğulayıb ki, testdən əlavə yazı işləri, məsələ-misal həlli və ya hansısa layihəyə əsasən şagirdlərin biliklərini yoxlamaq olar: “Summativ qiymətləndirmədə testin öz yeri və məqamı var. Testə aludəçilik nümayiş etdirmək düzgün deyil. Burada şagirdin digər bacarıqları kölgədə qalır. Nitq, şifahi fikir yürütmə, yazı bacarıqlı bilinmir. Testlərlə onun müəyyən məntiqini, müəyyən biliyini yoxlaya bilərik, ancaq şagirdlə ünsiyyət qurmaq çox vacibdir. Testlərlə işlədikdə isə şagirdin nəyə qadir olduğu açıq şəkildə bilmək olmur. Testlərə davamlı olaraq yox, yeri gəldikcə müraciət etmək lazımdır”.

Nazirliyin şöbə müdiri qeyd edib ki, formativ qiymətləndirmədə testə qəti şəkildə aludəçilik olmur. Onun sözlərinə görə, formativ qiymətləndirmədə daha çox müşahidə etmə, tapşırıq vermə, yazılı və şifahi sual-cavab və layihə üsuldan istifadə edilməlidir: “Hazırda layihə üsulu ilə qiymətləndirmə dünya təcrübəsində də geniş istifadə edilir. Yeni təhsil məzmununa əsasən şagirdə yeni tədqiqatlar vermək lazımdır ki, layihə şəklində onu həll etsin. Bütün bunlar isə şagirdin fərdi səviyyəsini və düşüncəsini müəyyən etmək üçün ən düzgün vasitədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR