Azərbaycanda xidmətlər indeksi azalıb

Azərbaycanda xidmətlər indeksi azalıb
# 20 dekabr 2012 14:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2012-ci ilin noyabr ayı üzrə 98,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici oktyabrla müqayisədə 5 faiz bəndi azalıb.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. Göründüyü kimi, indeks azalmaqla yanaşı 100%-dən aşağı səviyyəyə düşüb. İndeksin 100%-dən az olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən azalmasından xəbər verir.

Belə ki, noyabr ayında əhaliyə 539,7 mln. manat həcmində pullu xidmətlər göstərilib, oktyabrda isə bu həcm 548,1 mln. manat olub. Müqayisə üçün bildirək ki, sentyabr ayında bu göstərici 529,4 mln. manat təşkil edib. Ümumilikdə, yanvar-noyabr aylarında 5 108,6 mln. manat dəyərində xidmətlər göstərilib ki, bu da illik müqayisədə 7,9% çoxdur. Qeyd edək ki, əhaliyə göstərilən pullu xidmətlər ÜDM-də 10,6%-lik paya sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR