Azərbaycanda rəsmi qeydiyyatda 1,4 mln. borcalan və 510 min zamin var

Azərbaycanda rəsmi qeydiyyatda 1,4 mln. borcalan və 510 min zamin var
# 14 noyabr 2012 10:21 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) 1 409 641 borcalan və 508 228 zamin haqqında məlumat toplanıb. «APA-Economics»in məlumatına görə, bu barədə MKR-in III rübün nəticələri ilə bağlı açıqladığı hesabatda bildirilir.

Bu ilin yanvar-sentyabr aylarında MKR-in xidmətlərindən 42 bank və 18 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib. BOKT-ların MKR-ə qoşulması prosesi bu ilin III rübündə də davam edib və müvafiq lisenziyaya malik 28 BOKT-dan 25-nin MKR-ə inteqrasiyası təmin edilib. Dövrün sonuna BOKT-ların məcmu kredit portfelinin 99%-i reyestrin məlumat bazasında qeydə alınıb. «Digər 3 BOKT-un isə MKR-ə qoşulması üzrə müvafiq işlər davam etdirilir», - deyə məlumatda bildirilir.

Bu ilin III rübündə reyestrə müraciətlərin sayı kəskin artıb. Belə ki, yanvar-sentyabr aylarında reyestrə 652 949, o cümlədən banklar və bank olmayan kredit təşkilatları tərəfindən 651 607 sorğu daxil olub. Müqayisə üçün bildirək ki, ilk 6 ayda bu müraciətlərin sayı 380 min olub. Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı 77% artıb.

Kredit tarixçəsi ilə maraqlanan ölkə vətəndaşlarının sayı getdikcə artmaqdadır. Bu ilin III rübündə öz kredit hesabatını əldə etmək üçün MKR-ə 1 342 şəxs müraciət edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 23% artıqdır.

Hesabat rübündə MKR-ə 77 minə yaxın borcalan, 360 mindən artıq kredit və 27 mindən artıq zamin barədə məlumatlar daxil edilib. Nəticədə, dövrün sonuna MKRdə haqqında məlumat toplanan borcalanların sayı 1 409 641, kredit məlumatlarının sayı isə 3 810 401 olub, cəmi zaminlərin sayı isə 508 228-ə çatıb.

Hesabat dövründə MKR-də haqqında məlumat toplanan borcalanların sayı 1 331 888-ə, kredit məlumatlarının sayı isə 3 449 286-ya çatıb. Reyestrdə qeydiyyata alınan zaminlərin sayı isə 481 054 nəfər olub.

Xatırladaq ki, 2005-ci ildə fəaliyyətə başlayan MKR-ə 2005-ci ildə 319, 2006-cı ildə 5 302, 2007-ci ildə 12 966, 2008-ci ildə 13 260, 2009-cu ildə 74 393, 2010-cu ildə 257 045, 2011-ci ildə 503 163 sorğu göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR