Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının illik iclasında iştirak edib

 Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının illik iclasında iştirak edib
# 03 dekabr 2012 14:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş prokuror Zakir Qaralovun başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Akademiyasının illik iclasında iştirak edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 29 -30-da Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında Sazişi ratifikasiya etmiş ölkə və təşkilatların yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə ilk iclası keçirilib. Tədbirdə Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi, tərkibinə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin daxil olduğu nümayəndə heyəti iştirak edib.

60-dan çox ölkə və təşkilatın nümayəndələrinin, beynəlxalq müşahidəçilərin iştirak etdiyi Assambleyada çıxış edən Z. Qaralov korrupsiyaya qarşı mübarizənin Azərbaycan prezidenti İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edib, ölkəmizin bu sahədə bütün beynəlxalq təşəbbüslərə qoşulduğunu, beynəlxalq konvensiyaların ölkə qanunvericiliyinə implementasiyasının həyata keçirildiyini, hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılaraq Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırıldığını diqqətə çatdırıb. Tədbirdə ölkəmizin Beynəlxalq Antikorrupsiya Akademiyası ilə bundan sonra da sıx əməkdaşlıq ediləcəyi vurğulanıb.

Tədbir zamanı Akademiyanın rəhbəri Martin Kreutner və digər yüksək vəzifəli nümayəndələrlə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin Malayziya, Latviya, Cənubi Koreya, Tacikistan və digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilərək korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilməklə bu istiqamətdə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizə tədbirlərini özündə əks etdirən bukletlər və Baş prokurorun çıxışının mətni tədbir iştirakçılarına paylanıb.

Assambleya gündəlikdə olan cari məsələlərə baxıb, o cümlədən təşkilatın İdarəetmə Şurasının üzvləri seçilib, yeni Prosedur Qaydalar qəbul edilib və növbəti ilin İşçi Proqramı və büdcə məsələləri müzakirə edilib. Beynəlxalq Antikorrupsiya Akademiyasının 2-ci iclasının 2013-cü ildə Tayland Krallığında keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR