Bakıda beynəlxalq bank konfransı keçirilir - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda beynəlxalq bank konfransı keçirilir   - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 15 noyabr 2012 10:50 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək konfrans MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkilatçılığı ilə keçirilir.

Konfransı giriş sözü ilə açan MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Serqey Lebedyev konfransın ilbəil genişləndiyini, müzakirə olunan məsələlərin ciddiləşdiyini və dəqiqləşdiyini bəyan edib. O bildirib ki, ötən iki il MDB məkanında iqtisadi baxımdan çətin olub, bu da müxtəlif inteqrasiya proseslərini daha da aktuallaşdırıb və bu məsələlərin dəqiq müzakirə edilməsini vacib edir. Belə ki, ikitərəfli ticarət, valyuta rejimləri, hesablaşma rejimlərinin təkmilləşdirilməsi məsələləri aktuallaşıb. Bununla yanaşı, S.Lebedyev Azərbaycanın inteqrasiya proseslərində mühüm rol oynadığını da xüsusi qeyd edib.

Konfransda çıxış edən ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev MBD-nin maliyyə və bank təşkilatlarının yüksək rolunu, konfransın əməkdaşlığın inkişafında mühüm rol oynayacağını qeyd edib. C.Hacıyev bildirib ki, hələ də davam edən maliyyə və iqtisadi böhran şəraitində inteqrasiya və müxtəlif birgə layihələrin həyata keçirilməsi, problemlərin geniş formatda müzakirə edilməsi çox vacibdir.

Toplantıda çıxış edən MDB-nin Maliyyə-Bank Şurası Əlaqələndirmə Şurasının sədri Anatoliy Kazakov isə bəyan edib ki, budəfəki tədbir keçirilmiş konfranslar sırasında ən genişidir ki, burada 15 ölkənin nümayəndələri iştirak edir. A.Kazakov Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etməsini xüsusən vurğulayıb. O bildirib ki, MDB-də bir sıra irimiqyaslı inteqrasiya təşkilatlarının yaradılması ilə yanaşı Avropada maliyyə böhranının davam etməsi, likvidliyin azalması ilə bağlı müəyyən problemlər ortaya çıxır. Nəticədə, məsələn, İslam bankçılığı kimi yeni alətlərin istifadə edilməsi, milli valyutaların hesablaşmalarda istifadə edilməsi və digər inteqrasiya addımları çox vacibdir. Bundan əlavə A.Kazakov beynəlxalq maliyyə mərkəzlərinin yaradılmasının vacibliyini vurğulayıb ki, bu da təkcə Moskvada deyil, digər mərkəzi şəhərlərdə, o cümlədən Bakıda həyata keçirilə bilər.

Qeyd edək ki, konfrans çərçivəsində mükafatlandırma mərasimi keçirilib. Belə ki, Azərbaycan Beynəlxalq Bankı MDB-nin Beynəlxalq Bank Şurasının «MDB-nin ən yaxşı bankı» mükafatına layıq görülüb, ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev isə MDB-nin Maliyyə-Bank Şurası Əlaqələndirmə Şurasının «MDB-nin ən yaxşı bankiri» mükafatını alıb.

Konfransda MDB-də maliyyə bazarlarının dayanıqlığı, Xəzəryanı maliyyə bazarları, MDB məkanında Azad Ticarət Zonası şəraitində bankların fəaliyyəti, MDB-də beynəlxalq maliyyə mərkəzlərinin yaradılması, regional inkişaf maliyyə institutları, bank kapitalının hərəkəti, fondlaşma institutları, qarşılıqlı investisiya imkanları, inteqrasiya proseslərində normativ aktları və s. məsələlər üzrə məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransda MBD-nin əksər ölkələrinin maliyyə və bank qurumları, bir sıra beynəlxalq maliyyə təşkilatları, Azərbaycanın bank və sığorta təşkilatlarının nümayəndələri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR