Azərbaycanla «Nabucco» konsorsiumu arasında görüş keçiriləcək

Azərbaycanla «Nabucco» konsorsiumu arasında görüş keçiriləcək
# 03 dekabr 2012 08:56 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA-Economics. Dekabrın birinci dekadasında Azərbaycanla «Nabucco» konsorsiumu («Nabucco West» layihəsi) arasında görüş keçiriləcək. «APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, «Nabucco» konsorsiumu Azərbaycanın layihəyə cəlb olunması ilə bağlı təkliflər hazırlayır: «Dekabrın ortalarında isə Azərbaycanın layihəyə qoşulması ilə bağlı qərarın verilməsi prosesi başlayacaq».

Xatırladaq ki, «Nabucco West» qaz kəməri Xəzər regionundan təbii qazın Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.


Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan «Nabucco West» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR