ABŞ İran nümayəndə heyətinə viza verməyib

ABŞ İran nümayəndə heyətinə viza verməyib
# 19 noyabr 2012 06:33 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. ABŞ hökuməti İran nümayəndə heyətinə viza verməyib. APA-nın məlumatına görə, nümayəndə heyəti BMT Baş Assembleyasının Üçüncü Komitəsinin iclasında iştirak etməli və quruma İrandakı insan haqları ilə bağlı məlumat verməliydi.

Ancaq ABŞ hökuməti İran tərəfinin viza tələbini geri çevirməklə onların yığıncaqda iştirakının qarşısını alıb. İran hökuməti ABŞ-ın addımının beynəlxalq müqavilələrə zidd olduğunu bəyan edərək, BMT baş katibi Pan Gi Mundan bu problemin aradan qaldırılmasını istəyib.

Qeyd edək ki, BMT Baş Assembleyasının Üçüncü Komitəsinin iclası noyabrın 16-da başlayıb, noyabrın 19-dək davam edəcək. Hələlik ABŞ tərəfi məsələyə münasibət bildirməyib.

Xatırladaq ki, ABŞ hökuməti bu il martın 3-də İran prezidentinin müşaviri, Qadın və Ailə İşləri Mərkəzinin rəhbəri Məryəm Müctəhidzadənin rəhbərlik etdiyi İran nümayəndə heyətinə bu ölkəyə səfər etməsi üçün də viza verməyib. Bu səbəbdən nümayəndə heyəti BMT-nin Qadın Komissiyasının ABŞ-ın Nyu-York şəhərində qadın və ailə mövzusunda keçirdiyi 56-cı yığıncağında iştirak edə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR