Azərbaycan dəmiryolunda yeni elektron xidmətlər tətbiq olunacaq

Azərbaycan dəmiryolunda yeni elektron xidmətlər tətbiq olunacaq
# 07 dekabr 2012 14:09 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin sonunadək «Azərbaycan Dəmir Yolları» (ADY) QSC-də 3 yeni elektron xidmətin tətbiqinə başlanacaq.

ADY QSC sədrinin müavini Qurban Nəzirov «APA-Economics»ə bildirib ki, yeni xidmətlər dəmiryolu ilə yükdaşımalarına aiddir. Xidmətlərdən biri vaqonların dislokasiyası ilə bağlıdır: «Yəni hər hansı bir daşıyıcı üçün maraqlıdır ki, istənilən vaxt onun yükü gətirilən vaqonun hansı ərazidə olduğunu bilsin. Belə müraciətlər tez-tez olur. Biz bu sahəni elektron xidmətə çeviririk, artıq bizim bu sistem vasitəsilə istənilən vətəndaş və ya daşıyıcı onun yükünü gətirən vaqon haqqında günün istənilən saat məlumat ala biləcək”.

İkinci elektron xidmət yükdaşıma tarifləri ilə bağlıdır. Belə ki, əvvəllər daşınma xidmətindən istifadə etmək istəyənlər tariflər barədə məlumat almaq üçün dəmiryoluna müraciət etməli idilər: “Amma bundan sonra bu xidmət vasitəsilə müştərilər bizim saytdan istifadə edərək, istənilən yükün istənilən məsafəyə daşınması üçün tariflər haqqında məlumat alacaqlar”.

Üçüncü elektron xidmət yükdaşımaları xidməti üçün müraciətin edilməsi ilə bağlıdır. Q.Nəzirovun sözlərinə görə, indiyədək hər hansı fiziki və ya hüquqi şəxs hər hansı yükün daşınması üçün vaqona sifariş etmək istəyəndə ayrı-ayrılıqda həm stansiya rəhbərliyinə, həm də dəmiryoluna və daşıyıcılara müraciət etməli idi: “Bunun qarşısını almaq və onların işini yüngülləşdirmək üçün onların müraciəti elektron formada qəbul ediləcək və elektron formada cavablandırılacaq”.

Bu üç xidmət ilin sonunadək istismara veriləcək və bununla da ADY QSC-nin elektron xidmət məsələsində üzərinə düşən vəzifə tamamilə başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR