Azərbaycan Frankfurt Qaz Forumunda iştirak edəcək

Azərbaycan Frankfurt Qaz Forumunda iştirak edəcək
# 16 noyabr 2012 09:41 (UTC +04:00)

Bakı – APA-Economics. Noyabr 27-də Almaniyada “Frankfurt Qaz Forumu - 2012” keçiriləcək.

APA-Economics”in xəbərinə görə, tədbir Frankfurt şəhərində Cənub qaz dəhlizinin əsas qərar qəbuletmə ərəfəsində həyata keçiriləcək.

Forumun təşkilatçısı Frankfurtda yerləşən “Enerji Stream CMG GmbH” adlı beynəlxalq neft və qaz konsaltinq firmasının hədəfi Avropada artan təbii qaz tələbatına sərmayələri dəstəkləmək və qaz infrastruktur layihələrinə tələbatı artırmaqdan ibarətdir.

Avropa Birliyinin (AB) enerji komissarı Günter Ottinger birinci illik Frankfurt Qaz Forumunun əsas məruzəçisi olacaq. Təbii qaz forumu ilk dəfə olaraq Frankfurt şəhərində təşkil olunacaq. “Frankfurt Qaz Forumu - 2012” Avropada artan təbii qaz tələbatı və qaz infrastruktur layihələri üçün artan ehtiyac baxımından investisiyaları təşviq edəcək. Forumda əsas diqqət Cənub qaz dəhlizi, Azərbaycanın “Şahdəniz” qaz yatağı və Avropa enerji təhlükəsizliyinin gücləndirilməsi kimi mövzulara yönələcək.

Tədbirdə Frankfurt Qaz Forumu boru konsorsiumları, dünya qaz biznes liderləri, Avropa Birliyi rəsmiləri, hökumətlər, maliyyə və sənaye analitikləri, enerji mütəxəssisləri və beynəlxalq investisiya və maliyyə qurumlarını qaz infrastruktur razılaşmalarını asanlaşdırmaq üçün bir araya gətirəcək.

ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov, AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, “Nabucco” qaz boru xəttinin direktoru Reinhard Mitçek, Transadriatik boru xəttinin rəhbəri Kjetil Tungland, Almaniyanın Təchizat və Ticarət Şirkətinin Xəzər dəniz və Mərkəzi Asiya üzrə rəhbəri Volfhanq Peters, “GDF-Suez” şirkətinin baş vitse-prezidenti Filipp Hochart, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Gülmira Rzayeva və digər şəxslər məruzə ilə çıxış edəcəklər.

Qeyd edək ki, SAM “Frankfurt Qaz Forumu - 2012”-nin akademik tərəfdaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR